Yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil, biznes və vətəndaş cəmiyyəti əlaqələrinin gücləndirilməsi üçün fakültə daxili dəyirmi masalarla yanaşı, elm üzrə AMEA-nın İnformasiya Texnologiyaları institutu ilə, biznes üzrə Sinam şirkəti ilə mütəmadi olaraq dəyirmi masalar keçirir. İngiltərədə fəaliyyət göstərən Halal Booking şirkətinin prezidenti, tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, Azərbaycanlı mütəxəssis Elnur Seyidov Bakıda olarkən BDU-ya gəlmiş və fakültənin tələbələri ilə görüş keçirmişdir. Hazırda fakültə Halal Booking şirkəti ilə əməkdaşlıq etməkdədir.
Fakültənin keçmiş SSRİ məkanında yerləşən bir çox elm və təhsil müəssisələri ilə əlaqələri mövcuddur. Bunlardan Moskva, Sankt-Peterburq, Novosibirsk, Rostov, Kiyev, Belarus, Tbilisi, Riqa Dövlət Universitetlərini, RF EA-nın Steklov adına Riyaziyyat İnstitutunu, RF EA-nın Sibir şöbəsinin Riyaziyyat İnstitutunu, Moskva Energetika İnstitutunu, Voronej Dövlət Texniki Universitetini, Ukrayna EA-nın Riyaziyyat, Kibernetika, Riyazi maşınların və sistemlərin problemləri İnstitutlarını, Ukraynanın Vinnitsa Texniki Universitetini, Belarus Riyaziyyat İnstitutunu və başqalarını qeyd etmək olar. Eyni zamanda ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, İspaniya, Çexiya, İsrail, Türkiyə, İran Universitetləri ilə də əlaqələr mövcuddur.
Israilin Holon Texnologiya İnstitutu və Bakı Dövlət Universiteti arasında Kompüter elmləri ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom layihəsi çərçivəsində memorandium imzalanmışdır. Bu ikili diplom layihəsinin əsas məqsədi Kompüter elmləri ixtisası üzrə əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.