Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 1972-ci ildə müstəqil Azərbaycan Respublikasının qurucusu ‒– ümummilli lider Heydər Əliyevin göstərişi və şəxsi himayəsi ilə yaradılmışdır. Mexanika-riyaziyyat fakültəsinin “Tətbiqi riyaziyyat”, “Riyazi fizika tənlikləri” və “Nəzəri mexanika” kafedraları və iki qrup tələbəsinin bazası əsasında yaradılmış Tətbiqi riyaziyyat və kibernetika (1992-ci ilin sentyabr ayınadək «Tətbiqi riyaziyyat») fakültəsi inkişaf edərək universitetin qabaqcıl fakültələrindən birinə çevrilmişdir. Yarandığı ildən başlayaraq fakültədə “Tətbiqi riyaziyyat”, 1991-ci ildən isə “İqtisadi kibernetika” ixtisasları üzrə kadrlar hazırlanmışdır. 2009-cu ildən “Kompüter elmləri” və “İnformatika müəllimliyi” ixtisasları üzrə kadrlar hazırlanır. 2021-ci ildən "İnformasiya təhlukəsizliyi" ixtisası üzrə kadrlar hazırlanmağa başlanmışdır.
Fakültəyə ardıcıl olaraq mərhum dosent Mustafa Alı oğlu Vəliyev (1972-1988), mərhum akademik Mirabbas Göycə oğlu Qasımov (1989), mərhum professor Rizvan Teymur oğlu Paşayev (1989-1999, 2005-2007), AMEA-nın həqiqi üzvü, professor Yusif Əbülfət oğlu Məmmədov (2000-2004), AMEA-nın həqiqi üzvü, professor Məhəmməd Fərman oğlu Mehdiyev (2008-2024) rəhbərlik etmişdir. Onların hər birinin fakültənin inkişafında, təhsil və elm sahəsində uğurların əldə olunmasında əvəzsiz xidmətləri olmuşdur. Hal-hazırda fakültəyə professor Ələkbər Əli Ağa oğlu Əliyev rəhbərlik edir.
Fakültədə elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Fakültədə müntəzəm olaraq elmi seminarlar həyata keçirilir və bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, eyni zamanda digər fakültə və elmi-tədqiqat müəssisələrinin əməkdaşları da iştirak edirlər. Fakültə Elmi Şurasının tərkibi 19 nəfərdən ibarətdir (1 nəfər akademik, 7 nəfər professor, 10 nəfər dosent, 1 nəfər tələbə).
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavriat səviyyəsində 3 ixtisas üzrə (“Kompüter elmləri”, “İnformatika müəllimliyi”, "İnformasiya təhlukəsizliyi") 1732 nəfər tələbə, magistratura səviyyəsində 18 ixtisaslaşma üzrə 136 nəfər magistrant, doktorantura səviyyəsində (fəlsəfə doktoru, elmlər doktoru proqramları üzrə) 8 nəfər doktorant olmaqla cəmi 1876 nəfər təhsil alır. Fakültənin tərkibində 8 kafedra (“İnformasiya texnologiyaları və proqramlaşdırma”, “İqtisadi kibernetika”, “Optimallaşdırma və idarəetmə”, "İnformatika", “Tətbiqi riyaziyyat ”, “Riyazi fizika tənlikləri”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Riyazi kibernetika”.) fəaliyyət göstərir. Fakültədə kadr hazırlığı müvafiq ixtisaslar üzrə baza təhsil proqramları əsasında hazırlanmış, universitetin Elmi Şurası ilə razılaşdırılaraq rektor tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir.
Fakültədə 2024/2025-cı tədris ilində ştatda olan professor-müəllim heyəti 69 nəfər təşkil etmişdir. Onlardan 2 nəfər (3%) akademik, 14 nəfər (20%) elmlər doktoru və professor, 47 nəfər (68%) fəlsəfə doktoru və dosent, 6 nəfər (9%) baş müəllim və müəllimdir. 2024-cü ildə fakültənin professor-müəllim kollektivi tərəfindən, təsdiq edilmiş mövzu planı əsasında, Riyaziyyat və Kompüter elmləri istiqamətləri üzrə 11 mövzuda elmi tədqiqat işləri aparılımışdır. Fakültədə 2024-cü ildə professor-müəllim heyəti tərəfindən 1 monoqrafiya, 10 dərslik və dərs vəsaiti, 26 fənn proqramı və metodik vəsait, 118 elmi məqalə: xaricdə 80 məqalə (impakt faktorlu jurnallarda 36 məqalə) nəşr olunmuşdur. 2024-cü ildə Q1, Q2, Q3 və Q4 kvartil kateqoriyalı jurnallarda 17 məqalə çap olunmuşdur (Q1- 3, Q2- 5, Q3- 4, Q4- 5).
Hazırda fakültədə fəlsəfə doktoru proqramı üzrə 7 nəfər, elmlər doktoru proqramı üzrə 1 nəfər doktoranturada təhsilini davam etdirir. 2024-cü ildə fakültənin nəzdində fəaliyyət göstərən FD 2.17 Dissertasiya Şurasında 14 nəfər dissertasiya işi müdafiə etmişdir: 4 elmlər doktoru, 10 fəlsəfə doktoru. Fakültənin, kafedraların və əməkdaşların istifadəsində 171 ədəd kompüter, 23 ədəd printer və 14 ədəd proyektor, 2 Smart TV və 3 ağıllı lövhə vardır. Fakültədə bütün kompüterlərin internet şəbəkəsinə çıxışları təmin edilmişdir. Fakültədə, müasir kompüterlərlə təchiz olunmuş Koreya İnformasiya Təminatı Mərkəzi tələbələrin və elmi-tədqiqatçıların istifadəsinə verilib ki, bu da müasir standartlara cavab verən kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır.
Fakültənin keçmiş SSRİ məkanında yerləşən bir çox elm və təhsil müəssisələri ilə əlaqələri mövcuddur. Bunlardan Moskva, Sankt-Peterburq, Novosibirsk, Rostov, Kiyev, Belarus, Tbilisi, Riqa Dövlət Universitetlərini, RF EA-nın Steklov adına Riyaziyyat İnstitutunu, RF EA-nın Sibir şöbəsinin Riyaziyyat İnstitutunu, Moskva Energetika İnstitutunu, Voronej Dövlət Texniki Universitetini, Ukrayna EA-nın Riyaziyyat, Kibernetika, Riyazi maşınların və sistemlərin problemləri İnstitutlarını, Ukraynanın Vinnitsa Texniki Universitetini, Belarus Riyaziyyat İnstitutunu və başqalarını qeyd etmək olar. Eyni zamanda ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, İspaniya, Çexiya, İsrail, Türkiyə, İran Universitetləri ilə də əlaqələr mövcuddur.