Kafedra haqqında

Tətəbiqi riyaziyyat və kibernetika fakültəsinin əsas ixtisas kafedrası olan (Kompüter elmləri və İnformatika müəllimliyi ixtisasları üzrə) Riyazi kibernetika kafedrası Tətbiqi riyaziyyat kafedrasının bazası əsasında 1988-ci ilin aprel ayında rektorun müvafiq əmri ilə yaradılmışdır. Kafedranın ilk müdiri texnika elmləri doktoru, professor Fərəcov Rzabala Hüseyn oğlu olmuşdur. R.H. Fərəcov 1973-cü ilə qədər AMEA-nın Kibernetika (indiki İdarəetmə sistemləri) İnstitutunda işləmişdir. O, 1988-ci ildən 1997-ci ilə qədər kafedraya rəhbərlik etmişdir. R.H. Fərəcov, M.A. Krasnoselski və Y.Z. Tsıpkinin şagirdi olmuşdur. Onun xətti dinamik sistemlərdə Furye-Qalua çevrilmələrin əhəsr olunmuş işləri nəinki keçmiş SSSR məkanında, hətta dünyada ilk işlər idi. Bu işlər texniki kibernetikada yeni istiqamətlərdən diskret qurğulara aid məsələlərə spektral yanaşmanın əsasını qoymuşdur. Bu nəticələr sonralar ədədi siqnallar və sistemlərin işlənməsi üçün sürətli alqoritmlərin yaradılmasında mühüm rol oynamışdır. R.H.Fərəcovun xətti, qeyri-xətti və xanalı maşınlar nəzəriyyəsində aldığı nəticələr avtomatik idarəetmə, hesablama texnikası və diaqnostika sahəsində məsələlərin həllində mühüm rol oynamışdır. O 1997-ci ildə vəfat etmişdir. Kafedranın inkişafında və onun kadr bazasının yaradılmasında prof. R.H.Fərəcov böyük rol oynamışdır. O, nəzəri və tətbiqi kibernetika sahəsində 90-dan çox elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir. Xətti ardıcıllıq maşınları sahəsində yazılmış ilk elmi monoqrafiya ona məxsusdur. Kafedraya rəhbərlik etməklə bəyarər Prof. Fərəcov R.H. elmi-pedaqoji kadrların hazırlanmasında da böyük rol oynamışdır. Onun rəhbərliyi altında N.X.Aslanova, H.V,Şimiyev, Y.X.Hacıyev, F.G.Feyziyev və başqaları namizədlik disseratsiyalarını müdafiə etmişlər. Hazırda kafedrada işləyən müəllimlərin bir çoxu onun yetişdirmələridir.

Qeyd edək ki, 1993-cü ildə kafedranın bazası əsasında İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası yaradılmışdır.

1998-ci ildən kafedraya f.r.e.d., professor Kamil Bayraməli oğlu Mənsimov rəhbərlik edir. Kamil Bayraməli oğlu Mənsimov 1950-ci il dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olmuş və 1968-ci ildə orta məktəbi, 1973-cü ildə isə indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərb. MEA Kibernetika institutunda işləməyə başlamışdır. O, 1992-ci ilə qədər həmin institutda baş laborant, kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmişdir. 1992-ci ilin iyul ayında BDU-nun «Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə» kafedrasının dosenti vəzifəsinə seçilmişdir. O, 1979-cu ildə "Sonradan təsirə malik olan sistemlərdə optimallıq üçün zəruri şərtlər nəzəriyyəsinə dair" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildə SSRİ EA Rəyasət Heyətinin qərarı ilə "Riyazi kibernetika" ixtisası üzrə baş elmi işçi adını almışdır. 1994-cü ildə isə ona Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən "Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə" kafedrası üzrə dosent elmi adı verilmişdir. K.B. Mənsimov 1994-cü il iyun ayında "Riyazi kibernetika" ixtisası üzrə "Optimal idarəetmə məsələlərində məxsusi proseslərin optimallığı üçün zəruri şərtlər" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 2000-ci ildə ona "Riyazi kibernetika" kafedrası üzrə AAK tərəfindən professor elmi adı verilmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət