"Zəfər günü"nə həsr edilmiş tədbir keçirilmişdir.
05.11.2025 tarixində Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir həmçinin şəhidlərimizin əziz xatirəsinə və xalqımızın unudulmaz, şərəfli Zəfər yoluna ithaf edilmişdir. Bayram tədbirində fakültənin dekanı, şəhid valideynləri, qazilər və müəllimtələbə heyəti iştirak etmişdir. Fakültənin dekanı, professor Ələkbər Əliyev çıxış edərək Zəfər Gününün mənəvi əhəmiyyətindən bəhs etmiş, bu möhtəşəm tarixi günlə bağlı duyğularını və qürur hissini bölüşmüşdür. 44 günlük Vətən müharibəsinə dair ətraflı məlumat verilmiş, I Qarabağ müharibəsinin iştirakçısı olan fakültə müəllimi həm I, həm də II Qarabağ müharibələrinə dair təəssüratlarını bölüşərək, xalqımızın qəhrəmanlıq salnaməsindən danışmışdır.
Tədbir zamanı şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilmiş, fakültənin şəhid məzunlarının valideynlərinə söz verilmişdir. Onlar övladları ilə bağlı xatirələrini bölüşmüş və Zəfər Günü münasibətilə qürur hisslərini ifadə etmişlər. Fakültə tələbələrinin ifasında “Ey Vətən”, “Sən ey uşaqlıq”, “Cənab Leytenant”, “Qarabağ” və “Azərbaycan” mahnıları səsləndirilmiş, həmçinin “Zəfər rəqsi” nümayiş etdirilmişdir.