Görkəmli alim Qərib Mürşüdov fakültənin əməkdaşları və tələbələri ilə bir araya gəlib

12 oktyabr 2026-cı il tarixində Kembric Universitetinin professoru, Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya Laboratoriyasının hesablama struktur biologiyası qrupunun rəhbəri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdov Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşları və tələbələri ilə görüş keçirib.
Görüş zamanı alim kriptologiya və informasiya təhlükəsizliyinin müasir dövrdə əhəmiyyəti, fundamental riyazi biliklərin elmi tədqiqatlarda rolu və analitik düşüncənin inkişafı barədə fikirlərini bölüşüb. O, tələbələrin nəzəri biliklərini dərinləşdirməsinin, tədqiqat bacarıqlarını inkişaf etdirməsinin və müasir elmi yanaşmaları mənimsəməsinin vacibliyini vurğulayıb.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, elmi fəaliyyət və peşəkar inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir əməkdaşların və tələbələrin elmi dünyagörüşünün genişləndirilməsi, fundamental elmlərə və tədqiqat fəaliyyətinə marağın artırılması baxımından əhəmiyyət daşıyıb.