“Gələcəyin Yol Xəritəsi” adlı tədbir keçirilib

16 oktyabr 2026-cı il tarixində BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Gələcəyin Yol Xəritəsi” adlı tədbir keçirilib.
Tədbirdə İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan I kurs tələbələrinə kibernetika, DevOps və şəbəkə administratorluğu sahələri haqqında ətraflı məlumat verilib. Bu istiqamətlərin informasiya təhlükəsizliyi ilə əlaqəsi, sistemlərin və şəbəkələrin qorunmasında, təhlükəsizlik infrastrukturunun qurulmasında və potensial risklərin müəyyənləşdirilməsində rolu izah olunub. Həmçinin tələbələrə DevOps və şəbəkə administratorluğu sahələrində əldə edilən biliklərin informasiya təhlükəsizliyi üzrə gələcək fəaliyyətlərində necə tətbiq oluna biləcəyi barədə məlumat verilib. Görüş zamanı onların ixtisaslarına uyğun əlavə bilik və praktiki bacarıqlar qazanmalarının, müxtəlif İT istiqamətləri arasında əlaqəni anlamalarının və gələcək karyera seçimlərini məqsədyönlü şəkildə planlaşdırmalarının əhəmiyyəti vurğulanıb.
Tədbirin əsas məqsədi tələbələrin ixtisasları üzrə dünyagörüşünü genişləndirmək, onları müasir İT istiqamətləri ilə tanış etmək və gələcək peşəkar inkişaflarına istiqamət vermək olub.