Akademik Məhəmməd Mehdiyevin 85 illik yubileyi

02 oktyabr 2026-cı il tarixində görkəmli alim, riyaziyyat və mexanika elminin tanınmış nümayəndəsi, Tətbiqi riyaziyyat kafedrasının professoru, akademik Məhəmməd Fərman oğlu Mehdiyevin 85 yaşı tamam olur.
Akademik Məhəmməd Mehdiyev ömrünün böyük hissəsini elmə, təhsilə və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına həsr etmiş, Azərbaycan riyaziyyat və mexanika elminin inkişafına mühüm töhfələr vermişdir. Müxtəlif illərdə Riyaziyyat və Mexanika İnstitutunda, Bakı Dövlət Universitetində mühüm vəzifələrdə çalışmış, 2008–2024-cü illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı olmuşdur. O, 200-dən çox elmi əsərin, o cümlədən dərslik, dərs vəsaiti və monoqrafiyaların müəllifidir.
Məhəmməd Mehdiyevin elmi və pedaqoji fəaliyyəti müxtəlif illərdə yüksək qiymətləndirilmişdir. O, 2003-cü ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin Adamı” seçilmiş, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2013-cü ildə Kembric Universitetinin “Əməkdar doktoru” seçilmişdir. Riyaziyyat və mexanika elminə verdiyi fundamental töhfələrə görə Avropa İttifaqının Elm və Sənaye Palatasının “Qızıl medalı” ilə təltif edilmiş, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir.
2016-cı ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Həmin ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı”, 2024-cü ildə isə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi akademik Məhəmməd Mehdiyevi 85 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür və yeni uğurlar arzulayır. Yubileyiniz mübarək, hörmətli Məhəmməd müəllim!