Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində I kurs tələbələri ilə görüş keçirilib
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində “BDU könüllüləri” təşkilatının dəstəyi ilə I kurs tələbələri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi universitetə yeni qəbul olunmuş tələbələrin fakültə həyatı ilə tanışlığını təmin etmək, onları tədris prosesi, ixtisas istiqamətləri, akademik məsuliyyət və universitetdə tələbələri gözləyən imkanlar barədə məlumatlandırmaq olub.
Tədbirdə fakültənin dekanı, texnika elmləri doktoru, professor Ələkbər Əliyev çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara universitet həyatında uğurlar arzulayıb. Dekan çıxışında tələbələrin təhsil müddətində məsuliyyətli və fəal olmalarının, elmi və ictimai fəaliyyətlərdə iştirak etmələrinin vacibliyini vurğulayıb.
Daha sonra Optimallaşdırma və idarəetmə kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Rafiq Tağıyev, Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Rövşən Əliyev və İnformatika kafedrasının müdiri, texnika elmləri doktoru Mübariz Xəlilov çıxış ediblər. Çıxışlarda tələbələrə tədris prosesi, ixtisaslaşma istiqamətləri, akademik məsuliyyət və universitet həyatında fəal iştirakla bağlı ətraflı məlumat və tövsiyələr verilib.
Fakültənin böyük tyutoru İlahə Kazımova isə tələbələrə tədris prosesi ilə bağlı ətraflı məlumat verərək onları maraqlandıran məsələlərə aydınlıq gətirib. Görüş zamanı tələbələrə universitetdə qarşılaşa biləcəkləri əsas məsələlər, tədrisə davamiyyət, akademik məsuliyyət və fakültənin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.