Yubileyinizi təbrik edirik!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Cəbrayılov Şamo İsax oğlunun 15 avqust tarixində 80 yaşı tamam olur.
15 avqust 1946-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1953–1964-cü illərdə orta məktəbdə təhsil almış, 1964–1969-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı ixtisasını bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda aparıcı mühəndis-riyaziyyatçı kimi başlamış, 1976–1993-cü illərdə Geologiya Komitəsində baş mühəndis, 1993–1995-ci illərdə İNAS assosasiyasında prezident, 1995–1997-ci illərdə Azərbaycan Milli Məclisi yanında Humanitar tədqiqatlar və planlaşdırma mərkəzində şöbə müdiri vəzifələrində çalışmışdır.
1997-ci ildən bu günə qədər Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında dosent kimi fəaliyyət göstərir. 2007-2023-cü illərdə fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini kimi fəaliyyət göstərmişdir. Uzun illərdir ki, elmi-pedaqoji fəaliyyəti ilə universitetdə yüksəkixtisaslı kadrların hazırlanmasına dəyərli töhfələr verir.
Onun tədris etdiyi fənlər sırasında "Hesablama riyaziyyatı", "Ədədi üsullar", "İnformasiya texnologiyaları" xüsusi yer tutur. Elmi tədqiqat sahəsi diferensial tənliklər və kompüter elmlərini əhatə edir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi dosent Cəbrayılov Şamonu 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayır.