Bakı Dövlət Universitetində “Bayes statistikasının struktur biologiyasında rolu – ümumi baxış” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə “Bayes statistikasının struktur biologiyasında rolu – ümumi baxış” mövzusunda elmi seminar keçirilib. Bakı Dövlət Universitetinin məzunu, Kembric Universitetinin professoru və Molekulyar Biologiya Laboratoriyasının Hesablama struktur biologiyası qrupunun rəhbəri Qərib Mürşüdov elmi seminarla çıxış edib. Tədbirdə Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat, Fizika və Kimya fakültələrinin tələbələri iştirak ediblər.
Seminarın əvvəlində İnformatika kafedrasının müdiri, texnika elmləri doktoru, dosent Mübariz Xəlilov professor Qərib Mürşüdovun elmi fəaliyyəti barədə məlumat verib.
Çıxışında professor Bayes statistikasının struktur biologiyasında tətbiqindən, Markov zəncirləri əsasında qurulan metodların mürəkkəb bioloji proseslərin modelləşdirilməsində və zülalların öyrənilməsində rolundan danışıb. O, həmçinin süni intellektin, riyazi modelləşdirmənin və statistik metodların bu sahədə yaratdığı imkanları diqqətə çatdırıb.
Tədbirdə UniProt və Protein Data Bank (PDB) kimi məlumat bazalarından istifadə, zülal strukturlarının araşdırılması və mikroorqanizmlərin öyrənilməsi ilə bağlı nümunələr təqdim olunub.
Sonda iştirakçı tələbələrin Bayes statistikası, Markov zəncirləri, struktur biologiyası və süni intellektin bu sahədə tətbiqi ilə bağlı sualları professor Qərib Mürşüdov tərəfindən ətraflı cavablandırılıb. Seminar elmi biliklərin genişləndirilməsi baxımından faydalı olub.