Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Kibertəhlükəsizlik Klubu üzvləri İT texnologiyalarının satışı üzrə təlimdə iştirak ediblər.

22 oktyabr 2026-cı il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “İT sahəsində texnologiyaların satışı” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə müxtəlif ali təhsil müəssisələrinin kibertəhlükəsizlik klublarının üzvləri iştirak ediblər.
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini təlimdə Kibertəhlükəsizlik Klubunun sədri Natiq Quliyevin rəhbərliyi ilə III və IV kurs tələbələri, eləcə də magistrantlardan ibarət 10 nəfərlik heyət təmsil edib. Fakültə tələbələri təlimdə fəal iştirak edərək yeni bilik və təcrübə əldə ediblər.
Tədbiri giriş sözü ilə açan UNEC Kibertəhlükəsizlik Klubunun nümayəndəsi, dosent Hilalə Cəfərova oktyabr ayının Kibertəhlükəsizlik Ayı kimi qeyd olunması çərçivəsində keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. O, AKTA ilə universitetlərin kibertəhlükəsizlik klubları arasında dörd ildən artıq müddətdə formalaşmış səmərəli əməkdaşlıqdan bəhs edərək, bu müddət ərzində tələbələr üçün təşkil olunan ixtisaslaşmış təlimlərin, yay məktəblərinin, müsabiqə və yarışların gənclərin peşəkar inkişafına verdiyi töhfəni qeyd edib.
AKTA-nın icraçı direktoru Rauf Cabbarov çıxışında Assosiasiyanın universitetlərin kibertəhlükəsizlik klubları ilə həyata keçirdiyi birgə fəaliyyətlərdən danışıb. O, İT texnologiyalarının satışı mövzusunun yuxarı kurs tələbələri və magistrantlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, əmək bazarında həm texnoloji biliklərə, həm də biznes və satış bacarıqlarına malik mütəxəssislərə tələbatın artdığını bildirib.
Təlim çərçivəsində Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan üzrə regional rəhbəri Samir Nuriyev İT məhsul və xidmətlərinin satışı, texnoloji həllərin bazara təqdim olunması, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və müasir biznes yanaşmaları barədə praktiki təcrübəsini iştirakçılarla bölüşüb.
Təlim tələbələrin peşəkar bilik və bacarıqlarının inkişafı, müasir İT bazarını daha yaxından tanımaları və gələcək karyera imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.