27 mart – Azərbaycanda qeyd olunan Elm günü
-lg.jpg)
Bakı Dövlət Universiteti-nin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 27 mart – Azərbaycanda qeyd olunan Elm günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “Süni İntellekt və Qadınlar” mövzusunda elmi tədbir baş tutub.
Tədbirdə müasir texnologiyaların inkişafında qadınların rolu, xüsusilə süni intellekt sahəsində onların elmi və peşəkar töhfələri geniş şəkildə müzakirə olunub. Çıxışlarda qeyd edilib ki, texnologiyanın gələcəyinin formalaşmasında gender müxtəlifliyi mühüm rol oynayır və bu sahədə qadınların fəal iştirakı innovativ düşüncə mühitinin inkişafına əhəmiyyətli təsir göstərir. Təqdimat zamanı proqramlaşdırma tarixində mühüm iz qoymuş qadın alimlərin fəaliyyəti xüsusi vurğulanıb. Bildirilib ki, XIX əsrdə yaşamış riyaziyyatçı Ada Lovelace dünyada ilk proqramçı kimi qəbul olunur və onun hazırladığı alqoritmik yanaşmalar müasir kompüter proqramlaşdırmasının başlanğıcı hesab edilir. Həmçinin XX əsrdə kompüter elminin inkişafında böyük rol oynamış amerikalı alim Grace Hopper-in fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, onun proqramlaşdırma dillərinin inkişafına verdiyi töhfələr və kompilyator texnologiyasının yaradılması istiqamətində gördüyü işlər informasiya texnologiyalarının inkişafında mühüm mərhələ təşkil edib.
Çıxış zamanı süni intellekt anlayışı haqqında da qısa elmi izah təqdim olunub. Bildirilib ki, Süni İntellekt insan zəkasını təqlid edən və məlumatları analiz edərək qərar qəbul edə bilən alqoritmlər və sistemlər toplusudur. Bu sistemlərin inkişafında müxtəlif sosial qrupların, xüsusilə qadınların iştirakı vacib hesab olunur. Vurğulanıb ki, süni intellekt texnologiyalarının qərəzsiz və balanslı inkişafı üçün fərqli baxış bucaqlarının mövcudluğu mühüm elmi şərtdir. Tədbirdə həmçinin qeyd olunub ki, qadınların texnologiya və mühəndislik sahələrində aktiv iştirakı innovativ ideyaların yaranmasına, problemlərin daha geniş perspektivdən qiymətləndirilməsinə və texnoloji məhsulların daha inklüziv şəkildə formalaşmasına şərait yaradır. Bu baxımdan qadınların süni intellekt, proqramlaşdırma və məlumat elmi kimi sahələrdə fəaliyyətinin genişləndirilməsi gələcək texnoloji inkişaf üçün strateji əhəmiyyət daşıyır. Sonda tələbələrə müraciət edilərək bildirilib ki, müasir dövrdə texnologiyanın dili proqramlaşdırma və məlumat elmi ilə formalaşır. Tələbələr bu sahələrdə biliklərini artırmağa, süni intellekt texnologiyalarını öyrənməyə və gələcəyin texnoloji dünyasının qurulmasında aktiv rol almağa dəvət olunublar.
Həmçinin vurğulanıb ki, Elm günü münasibətilə keçirilən bu kimi elmi tədbirlər tələbələrin müasir elmi istiqamətlərlə tanış olması, innovativ düşüncə tərzinin formalaşması və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.