Azərbaycan elmində ağır itki!
Azərbaycan elmində ağır itki!
Azərbaycanda ilk riyaziyyatçı qadın fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim, Ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində tanınmış alim, professor Tamilla Hilal qızı Nəsirova 12 aprel 2023-cü il tarixində vəfat edib.
Tamilla Nəsirova 20 oktyabr 1936-cı ildə Hacıqabul rayonun Navahi kəndində anadan olub. O, 1953-cü ildə Bakıda 176 saylı məktəbi qızıl medal ilə bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə imtahan vermədən daxil olmuş və 1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla AMEA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) elmi fəaliyyətinə başlamış və həmin ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnsitutunun aspiranturasına qəbul olmuşdur. Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi” kafedrasında akademik B.V.Qnedenkonun rəhbərliyi ilə dissertasiya işi üzərində çalışmışdır.
T.Nəsirova 1964-cü ildə Daşkənd Universitetində fəlsəfə doktoru, 1994-cü ildə isə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda “Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün akademik A.V.Skoroxodun elmi məsləhətçiliyi ilə dissertasiya işini müdafiə etmiş, 1997-ci ildə professor elmi adı almışdır.
Çoxşaxəli əmək fəaliyyəti olan görkəmli alim 1958-1980-ci illərdə AMEA Kibernetika İnstitutunda laborant, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1980-ci ildən Bakı Dövlət Universitetində dosent, 1995-ci ildən isə professor vəzifələrində işləmişdir. 1994-cü ildən Kibernetika İnstitutuna qayıdan alim böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.
1964-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan alim 2007-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. T.Nəsirova, həmçinin 1996-2000-ci illərdə Türkiyənın “Karadeniz Teknik” Universitetində professor vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 10 fəlsəfə doktoru elmi dərəcəsi alınmışdır.
T.Nəsirova haqqında “Azərbaycanın görkəmli qadınları”, “Azərbaycanın 100 görkəmli alimi”, Rusiyada çap olunan “Женщины-математики” riyaziyyat-tarixi oçerkində məlumat verilmiş, 2009-cu ildə “Birincilər” verilişinin bir buraxılışı (“İlk riyaziyatçı elmlər doktoru”) Tamilla Nəsirovaya həsr edilmişdir. Onun adı “Математики Азербайджана ХХ века” və “Azərbaycanın Tanınmış alimləri” ensiklopediyalarına daxil edilmişdir.
Xarici görünüşünün zəhmli olmasına baxmayaraq, qəlbən çox zərif olan, daim insanların qayğısına qalan, hər an köməyə can atan, minlərlə gəncin qəlbində taxt quran Azərbaycan xanımı, vətənin ilk riyaziyyatçı qadın elmlər doktoru Tamilla xanım Nəsirovanın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!