"Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri" nəticələri
Aprelin 26-da Sosial Tədqiqatlar Mərkəzinin (STM) Avropa İttifaqı və Avropa Şurası ilə birgə layihəsi olan "Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri" nəticələrinin təqdimatı ilə bağlı konfrans təşkil olunub. Tədbirdə Bakı Dövlət Universitetinin İnformatika kafedrasının müəllimləri Bahar Şamilova, Mələk Paşazadə, magistrantlar: Qaragözova Gülüstan, İsmayılov Rəhim, Quliyev Mənzər və Kərimov Vidadi iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc hazırda Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qisminin rəqəmsallaşdırıldığını qeyd edib. Zahid Oruc bildirib ki, maraqlı qüvvələr Azərbaycan gəncləri arasında yad dini-ideoloji təbliğatda yeni texnologiyalardan istifadə edirlər. Virtual məkan burada sui-istifadə edilir. Bir çox faktlar göstərir ki, uşaq və gəncləri hədəfə alan məqsədyönlü fəaliyyətlər çoxluq təşkil edir.
Sonra Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik ilə bağlı videoçarx nümayiş olunub.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə çıxışında Azərbaycanın hərtərəfli tərəqqisi üzrə informasiya texnologiyalarında kibertəhlükəsizliyə yüksək qiymət verildiyini bildirib. Qeyd edib ki, Azərbaycan kibertəhlükəsizlik üzrə Avropa Konvensiyasına qoşulub.
O əlavə edib ki, ölkəmizdə kibertəhlükəsizlik yüksək səviyyədə təmin olunur. Beynəlxalq Telekommunikasiya İttifaqının hazırladığı kibertəhlükəsizlik üzrə sonuncu indeksdə Azərbaycan 169 ölkə arasında 15 pillə irəliləyərək 40-cı pilləyə yüksəlib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov qeyd edib ki, dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün mühüm işlər görülür. Bu məqsədlə cari ilin birinci rübündə təqribən 148 milyon 130 min zərərli keçid müəyyən olunub. Bundan əlavə, 314 kiberhücum indikatoru müəyyən edilib və bloklanıb.
O bildirib ki, dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə nümunəvi təlimat hazırlanıb. Hazırlanan təlimat isə dövlət qurumlarına göndərilib.
Digər çıxış edənlər- rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Elvin Balacanov ölkəmizdə kibertəhlükəsizliklə bağlı görülən işlərdən danışıblar. Son illərdə Azərbaycanda bu sahənin inkişaf etdiyi diqqətə çatdırılıb.
Sonra ölkəmizə qarşı həyata keçirilən kiberhücumların müəyyən olunması və bloklanması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Kritik İnformasiya İnfrastrukturlarının hazırlanmasında milli həllərin istifadəsinin vacibliyi vurğulanıb.
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Tahirə Allahyarova STM-in Avropa İttifaqı və Avropa Şurası ilə birgə layihənin nəticələrini təqdim edib.