Bakı Dövlət Universiteti və Codelandia əməkdaşlığı çərçivəsində xüsusi kibertəhlükəsizlik təlimi
15 may 2025-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Kibertəhlükəsizlik klubunun rəhbəri, İnformatika kafedrasının dosenti Natiq Quliyevin rəhbərliyi altında klubun 20 nəfər üzvü BDU və Codelandia əməkdaşlığı çərçivəsində Codelandia-nın ofisində keçirilən xüsusi kibertəhlükəsizlik təlimində iştirak etmişdilər. Təlim Codelandia-nın kiberlaboratoriya şəraitində, kibertəhlükəsizlik üzrə təcrübəli mütəxəssislərin iştirakı ilə baş tutmuşdur
Təlimin birinci hissəsində Codelandia-nın təlimçisi Toğrul Xəlilov təlimə gələn tələbələrlə maraqlı sual cavab əsaslı diskusiya yaratmış, tələbələrin bəziləri kibertəhlükəsizlik sahəsində xüsusi fəallıq nümayiş etdirmişdilər. Sonra Codelandia-nın təlimçisi müasir dövrdə geniş yayılmış fişing kiber hücümu haqqında, fişinq hücumlarının növləri, onların həyata keçirilməsi texnikaları haqqında geniş təfsilatı ilə məlumat vermişdi.
Təlimin ikinci hissəsində isə Codelandia-nın təlimçisi tələbələrə müxtəlif kiberhücumların simulyasiyası haqqında məlumat vermiş, konkret olaraq pdf sənədləri vasitəsilə Kali Linux üzərindən konkret hücum simulyasiyasını praktik olaraq göstərmişdi. Bu təlimdə iştirak edən tələbələrin real haker roluna girməklə, kiberhücum proseslərini birbaşa yerindəcə icra etmək imkanı olmuşdur. Təlim zamanı Təhlükəsizlik boşluqları necə tapılır?, Bu boşluqlardan istifadə edildikdə nələr baş verir?, Hücumlar hansı metodlarla həyata keçirilir?, Bu boşluqların yaranmaması üçün hansı tədbirlər görülməlidir? və s. kimi suallara praktiki cavablar verilmiş və iştirakçılar bu bilikləri yerindəcə sınaqdan keçirmişdilər.
Tələbələr hücum və müdafiə mövqelərində işləyərək, kibertəhlükəsizliyin həm texniki, həm də strateji tərəflərini öyrənmişdilər. Bu təlim həm öyrədici, həm də əyləncəli şəkildə təşkil olunaraq iştirakçılara gələcəyin kibermütəxəssisi kimi ilk addımlarını atmağa şərait yaratmışdır.
Codelandia şirkətinin direktoru Günel Cənnətova başda olmaqla, şirkətin bütün əməkdaşlarına Bakı Dövlət Universitetinin rektorluğu, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin rəhbərliyi və təlimdə iştirak etmiş tələbələr adından dərin təşəkkürümüzü bildiririk.