BDU-da bioinformatikada riyazi modelləşdirməyə həsr olunmuş elmi seminar keçirilib

2025-ci il 7 oktyabr tarixində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasında növbəti elmi seminar keçirilmişdir. Elmi seminarın mövzusu “Riyazi modelləşdirmənin bioinformatika sahəsində tətbiqi: məzun təcrübəsindən” olmuşdur. Seminarı kafedra müdiri, akademik Yusif Məmmədov açaraq tədbirin aktuallığını vurğulamışdır.
Seminarda dosent Abbasova Aygün biologiya və təbiət elmlərində riyazi modellərin tətbiqi, riyazi modelləşdirmə ixtisaslaşmasının praktik və tədqiqat potensialı haqqında məruzə ilə çıxış etmişdir. Məruzədə Beynəlxalq Kompüter Genomikası Laboratoriyasının fəaliyyət istiqamətləri — genetik məlumatların analizi, biomüxtəlifliyin və genom strukturlarının öyrənilməsi, verilənlər bazalarının yaradılması və optimallaşdırılması məsələləri ətraflı izah edilmişdir.
Seminara Riyazi modelləşdirmə ixtisaslaşması üzrə 2021-ci il məzunu, AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq Kompüter Genomikası Laboratoriyasının mütəxəssisi Lətifə Həsənli dəvət olunmuşdur. O, çıxış edərək genom analizində alternativ “splice” saytları vasitəsilə identik izoformların yaranmasında kiçik seqmental duplikasiyaların rolu barədə məlumat vermişdir.
Seminarda kafedranın əməkdaşları, Riyazi modelləşdirmə və Riyazi fizika ixtisaslaşmaları üzrə magistrantlar iştirak etmiş, mövzu ətrafında maraqlı müzakirələr aparılmışlar. Magistrantlar və müəllimlər tərəfindən ünvanlanan suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.
Müzakirələrin yekununda qeyd olunmuşdur ki, “Riyazi modelləşdirmə” ixtisaslaşması yalnız nəzəri deyil, eyni zamanda müasir elmi-tədqiqat və praktik tətbiq sahələrində geniş imkanlara malikdir. Seminar iştirakçıları dosent Aygün Abbasovanın məruzəsini elmi və praktik əhəmiyyətinə görə yüksək qiymətləndirmişlər