BDU-da Ramin Mahmudzadənin 90-cı ildönümünə həsr olunmuş konfrans keçirilmişdir
-lg-lg.jpg)
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 25.11.2025-ci il tarixində Azərbaycanın görkəmli pedaqoqu, informasiya texnologiyaları sahəsində tanınmış mütəxəssis, fizika-riyaziyyat elmləri namizədi, dosent, “Şöhrət” ordenli Ramin Ələkbər oğlu Mahmudzadənin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “İnformasiya texnologiyaları, süni intellekt, böyük verilənlər, müasir tendensiyalar, perspektivli tədqiqatlar” mövzusunda Respublika elmi-pratkik konfrans keçirilmişdir.
Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov görkəmli alim haqqında çıxış edərək bildirdi ki, Ramin Mahmudzadə savadlı pedaqoq olmaqla yanaşı, gözəl insan, Azərbaycan elmində özünəməxsus dəsti xətti olan alim idi. O, həyatını tələbələrinin proqramlaşdırma sahəsi üzrə yüksək biliyə, ən son yeniliklərə yiyələnməsi üçün sərf etmişdir. Ramin müəllim ölkəmizdə proqramlaşdırma təcrübəsinin yaranmasında, inkişafında misilsiz əməyi olan alimdir. Onun Azərbaycanı dünyada tanıdan və hal hazırda beynəlxalq sferada İnformasiya texnologiyaları sahəsində ən görkəmli yerlərdə çalışan yetirmələri vardır.
Sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Ələkbər Əliyev Ramin müəllimin həyat və yaradıcılığı haqqında məlumat verdi. O qeyd etdi ki, Ramin müəllimin, ümümitəhsil məktəblərinin 1-11-ci siniflərində ”Informatika” fənni üzrə dərslik və müəllimlər üçün metodik vəsaitlərin hazırlanmasında əvəzolunmaz rolu var. Eyni zamanda Tələbə və şagirdlərin Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycanı dünyada təmsil edən və yüksək nəticələr göstərərək saysız hesabsız medalların qazanmasında, Ramin müəllimin zəhməti əvəzsizdir. Görkəmli alim illər boyu arzusunda olduğu, “İnformatika” fənnini qəbul imtahanlarına daxil edilməsinə nail oldu. Ramin müəllimi daima xoş xatirələrlə yad edirik və belə bir alimlə birlikdə çalışdığımız üçün fəxr edirik.
Riyaziyyat və Mexanika institunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov da konfransda çıxış etdi. Ramin müəllim elə bir şəxsiyyət idi ki, onun haqqında yaddaşıma həkk olunan ən xoş xatirələrimi, onun Azərbaycan elminə əvəzsiz töhfələrini, yeniliklərini və ömrünü elmə sərf etdiyini, ölkədə ən savadlı kadrların yetişməsində böyük əməyi olan, ömür payının son anlarına qədər durmadan əzmlə çalışdığını və uğurlar qazandığını, Təhsil Naziri olduğum müddətdə bir daha şahidi oldum.
Əməkdar müəllim , Ramin müəllimin yetirməsi Mətanət Əhmədova da öz müəllimi haqqında xoş sözlər və xatirələrini bölüşərək qeyd etdi ki, mən hal hazırda orta məktəbdə İnformatika fənninin tədrisində dahi alimin mənə öyrətdiklərini, metodik tövsiyyələrini tətbiq edərək, onun yolunu davam etdirməyə çalışıram.
Fakültənin müəllimi, Rəmzi Hacıyev də Ramin müəllim haqqında çıxış edərək bildir ki, o, bizə həmişə elmdə olan yeniliklər haqqında məlumatlar və tövsiyyələr verərək, tədrisin səviyyəsinin yüksəldilməsində böyük rol oynayırdı.
Fakültənin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müəllimi Fuad Qurbanov da çıxış edərək Ramin müəllim haqqında öz xatirələrini bildirərək qeyd etdi ki, dünyaya milyonlarla insanlar gəlir və gedir, lakin onların çox kiçik bir hissəsi Azərbaycan təhsilində unudulmaz izlər qoyur. Belə müəllimlərdən biri də unudulmaz pedaqoq, kompüter elminin Azərbaycanda inkişafına impuls verən, onu ürəkdən dəstəkləyən və inkişaf etdirən Ramin Mahmudzadə olmuşdur. O çox sadə, təvazökar və zarafatı sevən bir insan kimi xatirələrdə daim yaşayacaqdır.
Sonda söz Ramin müəllimim oğlu Əlinazim Mahmudzadəyə verildi. O, Ramin müəllimin ailəsi adından atasının xatirəsini yaşatdıqları üçün və bu günki konfransın yüksək səviyyədə təşkil edilməsində böyük rolu olan BDU-nun rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Daha sonra plenar iclasda Həmidov Sabir, Baxışov Namiq və Paşazadə Mələk çıxış etdilər. Fasilədən sonra konfrans bölmələr üzrə öz işini davam etdirdi.