BDU-da Tələbə Elmi Cəmiyyəti tərəfindən süni intellekt və musiqi mövzusunda elmi tədbir keçirilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində Tələbə Elmi Cəmiyyəti tərəfindən 19 dekabr 2025-ci il tarixində süni intellekt, musiqi və bu iki sahə arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş elmi tədbir təşkil olunub. Tədbirin əsas məqsədi tələbələrin elmi-tədqiqat fəaliyyətini təşviq etmək, müasir texnologiyalar haqqında biliklərini genişləndirmək və innovativ mövzular ətrafında müzakirə mühiti yaratmaq olub.
Tədbirin giriş hissəsində süni intellekt anlayışı, onun yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdə tətbiq olunduğu əsas sahələr haqqında ümumi məlumat verilib.
Daha sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Kompüter Elmləri (ENG 32) ixtisası üzrə təhsil alan, Tələbə Elmi Cəmiyyətinin üzvü Asif Həbilov mövzu üzrə əsas çıxışla iştirak edib. O, Maşın öyrənməsi, dərin öyrənmə və neyron şəbəkələri kimi əsas anlayışları , süni intellektin musiqi sahəsində tətbiqi, musiqi ilə süni intellektin qarşılıqlı əlaqəsi və bu sahənin gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Asif Həbilov çıxışı zamanı süni intellekt əsasında musiqi bəstələnməsi, melodiyaların avtomatik yaradılması, musiqi janrlarının tanınması, səs emalı və musiqi keyfiyyətinin artırılması kimi mövzuları real nümunələr əsasında izah edib. Həmçinin süni intellektin musiqi təhsilində istifadəsi, fərdi öyrənmə modellərinin qurulması, musiqi tövsiyə sistemlərinin yaradılması və musiqi industriyasının rəqəmsal transformasiyasında rolu xüsusi qeyd olunub. O, gələcəkdə süni intellekt və insan yaradıcılığının birgə fəaliyyəti nəticəsində daha innovativ və yaradıcı layihələrin meydana çıxacağını vurğulayıb.
Elmi tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında fəal müzakirələr aparılıb və ünvanlanan suallar cavablandırılıb. Tədbir tələbələrin elmə, innovasiyalara və süni intellekt sahəsinə marağının artırılması baxımından əhəmiyyətli olub.