BDU-nun 14 magistr proqramı beynəlxalq akkreditasiyadan keçirilib.

12–13 mart tarixlərində Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində tədris olunan 14 təhsil proqramı üzrə beynəlxalq akkreditasiya prosesi həyata keçirilib. Akkreditasiya beynəlxalq ekspertlərin iştirakı ilə aparılıb və proqramların keyfiyyət təminatı mexanizmlərinin beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsini nəzərdə tutur.
Akkreditasiya prosesi Qazaxıstan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi – Independent Agency for Quality Assurance in Education (IQAA) tərəfindən təşkil olunub. Qeyd edək ki, IQAA beynəlxalq səviyyədə tanınan qurum olmaqla yanaşı, European Association for Quality Assurance in Higher Education (ENQA) təşkilatının tamhüquqlu üzvüdür və European Quality Assurance Register for Higher Education (EQAR) reyestrində qeydiyyatdan keçib. Akkreditasiya prosesi Avropa Ali Təhsil Məkanında qəbul olunmuş ESG – Avropa Standartları və Təlimatlarına uyğun şəkildə həyata keçirilib.
Akkreditasiya prosesi çərçivəsində universitetdə beynəlxalq ekspertlərdən ibarət komissiya fəaliyyət göstərib. Ekspertlər iki gün ərzində universitetin təhsil proqramları, tədris planları, akademik heyətin fəaliyyəti, elmi-tədqiqat mühiti, tələbəyönümlü tədris yanaşmaları, həmçinin maddi-texniki baza ilə yaxından tanış olublar.
Proqram akkreditasiyası prosesində universitet rəhbərliyi, fakültə nümayəndələri, akademik və inzibati heyət, həmçinin tələbələr və məzunlarla görüşlər keçirilib. Bu görüşlər zamanı təhsil proqramlarının məzmunu, onların əmək bazarının tələblərinə uyğunluğu, elmi fəaliyyətin tədris prosesinə inteqrasiyası və keyfiyyət təminatı mexanizmləri müzakirə olunub.
Akkreditasiya prosesinə təqdim olunan proqramlar arasında BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin magistratura səviyyəsində tədris olunan “Riyazi modelləşdirmə” və “Diskret sistemlər” ixtisaslaşmaları da yer alıb. Bu ixtisaslaşmalar müasir riyazi metodların tətbiqi, mürəkkəb sistemlərin modelləşdirilməsi və analitik yanaşmaların inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, beynəlxalq proqram akkreditasiyası ali təhsil proqramlarının keyfiyyətinin artırılması, onların beynəlxalq akademik mühitdə tanınması və müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Akkreditasiya prosesinin yekun nəticələrinin 28 mart tarixində elan olunacağı gözlənilir.