“Elm günü”nə həsr olunmuş seminar

17 fevral 2026-cı ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Elm günü”nə həsr olunmuş Elmi seminar keçirilmişdir. Seminarı fakültə dekanı Ələkbər Əliyev açaraq qeyd etdi ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Resublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycanda martın 27-si “Elm Günü” kimi qeyd edilir. Fakültəmizdə Elm gününə həsr edilmiş silsilə seminarlar və ustad dərsləri keçiriləcəkdir. Daha sonra fakültə elmi seminarının sədri, ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, professor Rövşən Əliyev çıxış edərək bildirdi ki, bu günki seminarda tətbiqi riyaziyyat kafedrasının professoru Aqil Xanməmmədov “Kəsilmə şərtləri olan bir sinif 2-ci tərtib hiperbolik tənlik üşün Qursa məsələsi” mövzusunda məruzə edəcəkdir. Məruzəçi professor Aqil Xanməmmədov öz çıxışında qeyd etdi ki, əlavə deltavari potensialı olan Şredinger tənliyi üçün nöqtədə şərt ödəyən çevirmə operatoru qurulmuşdur. Çevirmə operatorunun nüvəsi üçün kəsilmə şərtləri olan Qursa məsələsi alınmışdır. Qursa məsələsinin həllinin aşkar ifadəsi tapılmışdır.
Seminarın sonunda professor Aqil Xanməmmədov seminar iştirakçılarının çox saylı suallarını cavablandırdı.