Seminar təşkil olunmuşdur
Tətbiqi riyaziyyat və Kibernetika fakültəsi “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasının dosenti Qasımov Qurban Rəhim oğlunun “Ortoqonal polinomlar üzrə Qram-Şarlye ayrılışı vasitəsilə paylanma sıxlıqlarının təqribi ifadələrinin alınması alqoritminin Maple proqram paketində araşdırılması” mövzusunda seminar təşkil olunmuşdur.
Seminarı açılış söz ilə başlayan kafedranın müdiri professor Rövşən Əliyev bütün iştirakçıları salamlamış, elmi seminara təqdim olunan “Ortoqonal polinomlar üzrə Qram-Şarlye ayrılışı vasitəsilə paylanma sıxlıqlarının təqribi ifadələrinin alınması alqoritminin Maple proqram paketində araşdırılması” mövzusunu təqdim etmiş və məruzəçinin yüksək səviyyədə elmi hazırlığının olduğunu qeyd etmişdir.
Daha sonra söz məruzəçiyə verilmişdir. Əvvəlcə məruzəçi müntəzəm paylanmış təsadüfi ədədlər generatoruna əsaslanan müxtəlif imitasiya modelləri, o cümlədən normal paylanmış təsadüfi ədədlərin generasiyası üçün Boks-Müller üsulu,məchul paylanma sıxlığının ayrılışına aid Qram-Şarlye sırası, bu sıranın çəki funksiyasının Pirson tənliyinin həlləri ilə əlaqəsi haqqında ətraflı izah verdi. Məchul sıxlığın normal paylanmaya uyğunluq halına aid Ecvort ayrılışının əmsallarının generasiya olunmuş çoxluq üzrə hesablama alqoritmi və onun Maple proqram mühitində realizasiyası əyani şəkildə nümayiş etdirdi. Alınmış analitik düsturlar və sıxlığın qrafikləri təhlil olundu. Sıxlığın gamma-paylanmaya uyğunluq halı üçün, Lambert funksiyaları və Laqer ortoqonal polinomları nəzəriyyələrinə əsaslanan, xüsusi işlənib hazırlanmış alqoritm və onun proqram fraqmenti araşdırıldı. Paylanma parametrinin müxtəlif qiymətlərində qurulmuş qrafiklərdə alınmış ayrılışların dəqiqlik dərəcələri göstərildi. Çıxışın sonunda Çebisev polinomları üzrə Qram-Şarlye sırasının müntəzəm paylanma sıxlığı üçün verdiyi analitik ifadə və uyğun qrafikə izah verildi.
Sonda məruzəçi dosent Qurban Qasımov, professor Rövşən Əliyev, dosent Rafael Həmidov, dosent Mirvari Ağayeva, dosent Nərminə Allahverdiyeva və başqalarının sullarını cavablandırmış, alimlər məruzəçiyə məsləhətlərini vermişlər.