“Fərdi məlumatların qorunması” mövzusunda tədbir
19 May 2025-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kibertəhlükəsizlik” klubunun təşəbbüsü ilə, dosent Natiq Quliyevin rəhbərliyi altında “Fərdi məlumatların qorunması” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərhad Kərimov Kiberklubun üzvləri və fakültənin tələbələri qarşısında çıxış etmişdir.
Tədbiri “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı Ələkbər Əliyev açaraq, tədbir iştirakçılarını və qonaqları salamladı. Ələkbər müəllim Codelandia şirkətinin ofisində baş tutan ötən tədbiri xatırlatdaraq bildirdi ki, bu günki tədbir “Kibertəhlükəsizlik” klubunun növbəti tədbiridir. Dekan klubun sədri Natiq müəllim başda olmaqla klubun bütün üzvlərinə uğurlar arzuladı. Daha sonra bizə vaxt ayırıb gəldiyi üçün çox hörmətli Fərhad Kərimovu salamladı, və tələbələr qarşısında öz biliyini paylaşdığı üçün ona təşəkkürünü bildirdi.
Dosent Natiq Quliyev Kiberklubun fəaliyytinin yeni başlamasına baxmayaraq onun aktivində olan bəzi uğurlarından və gələcək planlardan söhbət açdı.
Fərhad Kərimov informasiya təhlükəsizliyi kontekstində konkret olaraq Fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi haqqında məruzə etdi. İnformasiya təhlükəsizliyinin kompleks təmin edilməsi mərhələlərinə ayrı-ayrılıqda detallı şəkildə izah verdi və onun müasir dövrdə nə qədər zəruri aspekt kəsb etdiyini qeyd etdi.
Tədbirin sonunda Fərhad Kərimov tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırdı.