Görkəmli alimi təbrik edirik!!!
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, professor Məmmədov Yusif Əbülfət oğlunun 24 yanvar 2025-ci il tarixində 75 yaşı tamam olur.
Professor Məmmədov Yusif Əbülfət oğlu 1993-cü ildə Riyazi fizika tənlikləri kafedrasının müdiri seçilmişdir. 2000-ci ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsinə seçilmiş, 2004-cü ilin iyul ayına qədər bu vəzifədə çalışmışdır. 2004-cü ilin iyul ayında BDU-nun I prorektoru-elmi işlər üzrə prorektoru, 21 aprel 2006-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur. 2016-cı ilin may ayından Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri və ictimai əsaslarla Riyazi fizika tənlikləri kafedrasının müdiri vəzifələrində çalışmışdır. 2017-ci ilin iyun ayından hal - hazıra kimi Bakı Dövlət Universitetinin Riyazi fizika tənlikləri kafedrasının müdiri vəzifəsində çalışır.
2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət Ordeni”, 2019-cu ildə isə 2-ci dərəcəli “Əmək ordeni”, 2024-ci ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 75 illik yubileyi münasibətilə akademik Məmmədov Yusif Əbülfət oğlunu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.