“Kriptoqrafiyada elmi-praktiki işlərin yeni istiqamətləri” mövzusunda ustad dərsi

20 noyabr 2025-ci il tarixində kibertəhlükəsizlik sahəsində tanınmış mütəxəssis alim, texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetinin “Kibertəhlükəsizlik” kafedrasının müdiri Yadigar İmamverdiyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri üçün “Kriptoqrafiyada elmi-praktiki işlərin yeni istiqamətləri” mövzusunda ustad dərsi keçirmişdir. Tədbirdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Ələkbər Əliyev, “Kibertəhlükəsizlik klubu”nun sədri, dosent Natiq Quliyev, İqtisadi kibernetika kafedrasının müdiri, dosent Fərhad Mirzəyev, fakültənin magistrantları və tələbələri iştirak edirdilər.
Tədbiri Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Ələkbər Əliyev açaraq qeyd etdi ki, Respublikada İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, kriptoqrafiya sahələrində yüksək ixtisaslı kadrlar azdır. Son zamanlar müxtəlif ali məktəblərdə bu sahələr üzrə kadr hazırlığı aparılır, o cümlədən, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində də İnformasiya təhlükəsizliyi ixtisası üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Fakültədə İnformatika kafedrasının dosenti Natiq Quliyevin rəhbərliyi altında “Kibertəhlükəsizlik klubu” da fəaliyyət göstərir. Bu klubun üzvləri müxtəlif təlimlərdə, seminarlarda iştirak edirlər.
Daha sonra söz Yadigar İmamverdiyevə verildi. Yadigar müəllim kibertəhlükəsizliyin əsas baza elmi olan kriptoqrafiya haqqında qısa məlumat verdi, daha sonra müasir kriptoqrafiyanın tətbiqlərini əks etdirən blokçeyn texnologiyasından, onun xüsusiyyətlərindən və imkanlarından geniş məlumat verdi. Daha sonra müasir kriptoqrafiyanın əsas tətbiq sahələrindən biri olan “Ağıllı (Smart) müqavilələrdən” və onların müasir tətbiqləri haqqında geniş söhbət açdı. Məruzəçi müasir dövrün ən aktual sahələrindən olan kvant kompüterlərdən, onların kriptoqrafiyada tətbiqlərindən danışdı. Bu nöqteyi nəzərdən post-kvant kriptoqrafiyası haqqında və onun yaradacağı yeni imkanlardan, xüsusən də müasir kriptoqrafiyadakı yeni istiqamətlərdən geniş məlumat verdi.
Tədbirin sonunda “Kiberktəhlükəsizlik klub”unun sədri dosent Natiq Quliyev çıxış edərək hörmətli Yadigar İmamverdiyevə dəvətimizi qəbul edib fakültədə ustad dərsi verməyə razılıq verdiyi üçün fakültənin dekanı, professor Ələkbər Əliyevin adından, o cümlədən, fakültənin tələbə və magistrantları adından təşəkkürünü bildirdi və eyni zamanda qeyd etdi ki, Yadigar müəllimin keçdiyi bu ustad dərsi yetişməkdə olan informasiya təhlükəsizliyi mütəxəssisləri üçün çox mühüm rol oynayacaq.
Sonda Yadigar müəllim tələbə və magistrantların suallarını cavablandırdı.