Məzunumuz dünyanın aparıcı universitetlərindən birinə qəbul olub.

Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin məzunu dünyanın aparıcı universitetlərindən birinə qəbul olub.
Universitetimizin Kompüter Elmləri (ENG31, ingilis bölməsi) ixtisasının məzunu Sibel Əsgərova, Azərbaycan Respublikasının 2022–2028-ci illər üzrə Dövlət Proqramı çərçivəsində University of Edinburgh universitetinin Süni İntellekt magistr proqramına qəbul olub.
Sibel Əsgərova orta təhsilini qızıl nişanla başa vurub, məktəb illərində “Sabahın alimləri” Respublika müsabiqəsinin riyaziyyat nominasiyası üzrə bürünc mükafatçısı olub. Universitetdə təhsil aldığı müddətdə yüksək akademik göstəricilərinə görə Heydər Əliyev Təqaüdünə layiq görülüb, həmçinin Gənclər Günü münasibətilə və məzuniyyət mərasimində fakültə üzrə ən yüksək akademik nailiyyətlərinə görə təltif edilib. Bundan əlavə, tələbəlik illərində müxtəlif texnologiya və innovasiya müsabiqələrində uğur qazanaraq TechNest proqramının qaliblərindən biri olub.
Peşəkar fəaliyyətində Sibel Əsgərova Azercosmos şirkətində təcrübə keçib, Pitechs LLC şirkətində işləmiş və süni intellekt üzrə təlimlər tədris edib. Hazırda isə Bayraktar Technologies Azerbaijan şirkətlərində Süni İntellekt mühəndisi kimi fəaliyyət göstərir.
Məzunumuzu bu əlamətdar uğur münasibətilə təbrik edir, magistratura təhsilində və gələcək elmi-peşəkar fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.