“Müasir şəhərsalmada süni intellekt texnologiyalarının və informasiya təhlükəsizliyinin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

30 iyun 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Müasir şəhərsalmada süni intellekt texnologiyalarının və informasiya təhlükəsizliyinin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan iclasın sədri, professor Rövşən Əliyev tədbirin mövzusunun aktuallığını vurğulayaraq, süni intellekt texnologiyalarının və informasiya təhlükəsizliyinin müasir şəhərsalmada artan rolundan bəhs etmiş, daha sonra çıxışçılara söz vermişdir. Tədbirin məqsədi müasir şəhərsalmada süni intellekt və informasiya təhlükəsizliyi texnologiyalarının tətbiqi, bu sahədə mövcud çağırışların və inkişaf perspektivlərinin müzakirəsi olmuşdur.
Eyni zamanda, fakültədə magistratura səviyyəsində açılması nəzərdə tutulan “Süni İntellekt” və “Kriptologiya” ixtisaslaşmalarının aktuallığı və elmi-tədqiqat perspektivləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, fakültədə “Süni İntellekt” və “Kriptologiya” istiqamətləri üzrə müasir tədris və elmi baza formalaşdırılmış, bu sahələrin inkişafı və elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Tədbirdə dosent Mübariz Xəlilov, dosent Aydın Əliyev, dosent Natiq Quliyev və dosent Səxavət Talıbov çıxış edərək süni intellekt, kriptologiya və informasiya təhlükəsizliyi sahələrinin müasir şəhərsalmada tətbiq imkanları, bu istiqamətlər üzrə elmi tədqiqatların inkişaf perspektivləri, eləcə də fakültədə yaradılmış elmi və tədris imkanları barədə ətraflı məlumat vermişlər. Dəyirmi masa mövzu ətrafında geniş müzakirələrlə davam etmiş, iştirakçılar tərəfindən süni intellekt və informasiya təhlükəsizliyi texnologiyalarının müxtəlif sahələrdə tətbiqi, müasir çağırışlar və gələcək inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.