Şair qəlbli professoru yubiley münasibəti ilə təbrik edirik.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasının professoru Məmmədov Knyaz Şiraslan oğlunun 16 fevral 2025-ci il tarixində 75 yaşı tamam olur.
Məmmədov Knyaz Şiraslan oğlu 1972-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş və həmin ildən təyinatla AMEA-nın Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1994-cü ildən Bakı Dövlət Universitetində Riyazi Kibernetika kafedrasında çalışır. 1981-ci ildə Minsk şəhərində namizədlik və 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2019-cu ildə professor Knyaz Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Müəllim fəxri adına layiq görülmüşdür.
Knyaz Məmmədov tamədədli proqramlaşdırma məsələlərinin müxtəlif siniflərinin həlli üçün yeni, daha effektiv həll üsulları təklif etmişdir. ABŞ riyaziyyatçıları tərəfindən qoyulmuş və 30 ildən artıq müddətdə həll oluna bilməyən tamədədli tənliyin dezaqreqasiyası problemini ilk dəfə olaraq həll etmişdir. Dənizdə neft-qaz platformalarının optimal yerləşdirilməsi məsələsinin riyazi modelini qurmuş, onun həll üsulunu vermiş və bu üsul Azərbaycan Dövlət Neft şirkətində tətbiq olunmuşdur. 200-dən çox məqalə, 3 monoqrafiyanın və 7 kitab müəllifidir. Bu əsərlər Azərbaycanın, Rusiyanın, Ukraynanın, Latviyanın, Polşanın, İngiltərənin, Almaniyanın və ABŞ-ın tanınmış elmi jurnallarında çap edilmişdir. Qeyd edək ki, professor Knyaz Məmmədovun 3 şerlər kitabı da çap olunmuşdur. 12 nəfər fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru yetişdirmişdir. O, ARETN İdarəetmə Sistemləri institutunda fəaliyyət göstərən müdafiə şurasının sədridir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 75 illik yubileyi münasibətilə professor Knyaz Şiraslan oğlu Məmmədovu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.