“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ”NƏ HƏSR OLUNMUŞ ELMI SEMINAR

27 aprel 2026-cı il tarixinda Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2026-cı il “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarın sədri professor Rövşən Əliyev qeyd etdi ki, “İnformatika” kafedrasının doktorantı Paşazadə Mələk Telman qızı “Ağıllı şəhər konsepsiyası çərçivəsində süni intellektin memarlıq və şəhərsalma proseslərinə təsiri” mövzusunda məruzə edəcəkdir.
Məruzəçi Mələk Paşazadə müasir urban inkişafın əsas istiqamətlərindən biri olan smart city yanaşmasının nəzəri və tətbiqi aspektləri haqqında ətraflı məlumat verdi. Daha sonra süni intellektin şəhər mühitində qərarvermə mexanizmlərinə təsiri sistemli şəkildə izah olunmuşdur. Xüsusilə data əsaslı idarəetmə modellərinin ənənəvi urban planlaşdırma yanaşmalarını necə transformasiya etdiyi vurğulanmışdır. Memarlıq sahəsində generative design və parametrik dizayn yanaşmalarının rolu elmi kontekstdə təqdim edilmişdir. Süni intellektin enerji effektivliyi, resursların optimallaşdırılması və ekoloji davamlılıq baxımından yaratdığı imkanlar analiz olunmuşdur. Şəhərsalma prosesində rəqəmsal əkiz (Digital Twin) texnologiyasının tətbiq perspektivləri müzakirə edilmişdir. Dünyanın aparıcı ağıllı şəhərləri üzərindən müqayisəli təhlil aparılmışdır. Bu çərçivədə müxtəlif şəhərlərin fərqli inkişaf modelləri və texnoloji prioritetləri araşdırılmışdır. Süni intellektin yalnız texnoloji deyil, həm də idarəetmə və sosial struktur baxımından təsiri qiymətləndirilmişdir. Eyni zamanda, smart city konsepsiyasının tətbiqində mövcud olan texnoloji, iqtisadi və etik çətinliklər nəzərdən keçirilmişdir. Bu problemlərin həm qlobal, həm də lokal kontekstdə təsirləri izah olunmuşdur.
Məruzəçi Bakı şəhərinin mövcud vəziyyətini analitik şəkildə qiymətləndirmişdir. Şəhərin qismən ağıllı şəhər elementlərinə malik olduğu, lakin tam inteqrasiya olunmuş sistemə keçid üçün əlavə addımların zəruriliyi əsaslandırılmışdır. Bununla yanaşı, Bakı metrosunda sərnişin sıxlığının azaldılması məqsədilə mini Digital Twin modeli əsasında konseptual həll təklif olunmuşdur. Təklif olunan modelin şəhər nəqliyyat sistemində optimallaşdırma potensialı izah edilmişdir. Bu yanaşmanın mövcud infrastruktura inteqrasiya edilə bilən innovativ həll kimi çıxış etdiyi qeyd olunmuşdur.
Seminarın sonunda Mələk Paşazadə seminar iştirakçılarının çox saylı suallarını cavablandırdı.