“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ”NƏ HƏSR OLUNMUŞ USTAD DƏRS
-lg.jpg)
26 may 2026-cı il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Ustad dərs keçirilmişdir. Ustad dərsdə “Kapitalbank”ın Texniki bölüm rəhbəri Rauf Əliyev "Ağıllı şəhər və kəndlərin salınmasına informasiya texnologiyalarının tətbiqi və böyük həcmli dataların emalı” mövzusunda məruzə etmişdi.
Məruzəçi öz çıxışında qeyd etdi ki, müasir dövrdə urbanizasiya, rəqəmsallaşma və informasiya texnologiyalarının sürətli inkişafı şəhər və kəndlərin idarə olunmasında yeni yanaşmaların formalaşmasına səbəb olmuşdur. Bu baxımdan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları müasir cəmiyyətin əsas inkişaf istiqamətlərindən biri hesab edilir. Bu konsepsiyaların əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə insanların həyat keyfiyyətinin yüksəldilməsi, resurslardan səmərəli istifadə və dayanıqlı inkişafın təmin edilməsidir. Daha sonra ağıllı şəhər sistemlərində sensorlar, IoT texnologiyaları, bulud həlləri və böyük həcmli məlumatların emalı platformaları haqqında geniş məlumat verildi.
Böyük həcmli dataların emalının (Big Data Analytics) ağıllı şəhər və kənd sistemlərinin əsas komponentlərindən biri olması; müxtəlif mənbələrdən daxil olan böyük həcmdə məlumatların saxlanılması, emalı və analizi üçün Hadoop, Spark və bulud texnologiyalarından istifadə edilməsi; bu məlumatların təhlili əsasında süni intellekt və maşın öyrənməsi alqoritmlərinin proqnozlaşdırma və optimallaşdırma imkanlarının yaradılması məruzəçi tərəfindən xüsusilə qeyd olundu.
O cümlədən, Rauf Əliyev çıxışında bildirdi ki, Azərbaycanda da rəqəmsal transformasiya siyasəti çərçivəsində ağıllı şəhər və kənd layihələrinin tətbiqinə xüsusi diqqət yetirilir. Xüsusilə Qarabağ bölgəsində həyata keçirilən “Ağıllı kənd” layihələri innovativ texnologiyaların real tətbiq nümunəsi hesab olunur.
Seminarın sonunda Rauf Əliyev seminar iştirakçılarının çox saylı suallarını cavablandırdı.