Süni intelekt üzrə mütəxəssisin tələbələrlə görüşü keçirilmişdir.
28.04.2025-ci il tarixində SOCAR-ın əməkdaşı, Süni intelekt üzrə mütəxəssis Nail Məmmədovun Tətbiqi riyaziyyat və kibernetika fakültəsi və SABAH qruplarının tələbələri ilə görüşü keçirilmişdir.
Tədbiri fakültənin İnformatika kafedrasının müdiri, t.e.d., dosent Mübariz Xəlilov açaraq Süni intellekt və onun tətbiq sahələri barədə qısa məlumat verdi. Daha sonra söz SOCAR-ın əməkdaşı Nail Məmmədova verildi. O, “Ardıcıl Modellər və Zaman Seriyaları ilə Proqnozlaşdırma” mövzusunda çıxış etdi. Çıxış zamanı ardıcıl modellərin və zamanla dəyişən məlumat ardıcıllığının əsas prinsipləri izah edildi. Zaman seriyası anlayşı, onun maliyyə bazarları, hava proqnozları, texnoloji trendlər kimi sahələrdə tətbiq nümunələri təqdim olundu. Çıxışın davamında zaman seriyalarının əsas xüsusiyyətləri, o cümlədən trend, mövsümilik, avtokorrelyasiya və təsadüfi səs-küy anlayışları müzakirə edildi. Eyni zamanda qeyri-stasionar zaman seriyaları və bu cür məlumatların işlənməsi yolları izah edildi. Statistik yanaşmalar çərçivəsində mövsümiliyin və trendin aradan qaldırılması üsulları, xətaların ölçülməsi metodikası və məlumat bölünməsi strategiyaları təqdim olundu. Nəzəri izahlarla yanaşı, real nümunələr üzərində praktiki müzakirələr də aparıldı. Seminar iştirakçılara zaman seriyası analizi sahəsində dərin bilik qazandırmaqla yanaşı, bu yanaşmanın maliyyə, sənaye və texnologiya sahələrində tətbiq imkanları haqqında geniş təsəvvür formalaşdırdı.
Tədbirin sonunda Nail Məmmədov tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırdı.