Tələbələr Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə infotur çərçivəsində səfər ediblər.

Bu gün BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin ENG-33 qrupunun tələbələri fakültənin dəstəyi ilə Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə infotur çərçivəsində səfər ediblər. İnfotur fakültə rəhbərliyi və Riyazi fizika tənlikləri kafedrasının dosenti Aygün Abbasova tərəfindən təşkil olunub və tələbələrin nəzəri biliklərini praktiki mühitdə tətbiq etməsi məqsədini daşıyıb.
Ekskursiya zamanı mərkəzin mütəxəssisləri tələbələrə Antenalar Meydançasında yerləşən Ku və C diapazonlarında fəaliyyət göstərən antenalar haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Daha sonra infotur mərkəzin inzibati binası və idarəetmə infrastrukturu ilə tanışlıqla davam edib.
Tələbələrə Azərkosmosun fəaliyyəti, Azərbaycanın Azerspace-1 (2013) və Azerspace-2 (2018) telekommunikasiya peykləri, həmçinin 2014-cü ildə orbitə buraxılmış Azersky Yer müşahidə peykinin xidmət sahələri, iş prinsipləri və əməliyyat imkanları barədə geniş məlumat təqdim olunub. Bununla yanaşı, peyklərin quruluşu, idarəetmə sistemləri, orbitə görə peyk növləri və müasir kosmik texnologiyalar haqqında maraqlı məlumatlar diqqətə çatdırılıb.
İnfotur çərçivəsində tələbələr kosmik sənayedə istifadə olunan informasiya texnologiyaları, peyk məlumatlarının emalı, kibertəhlükəsizlik, süni intellekt və böyük verilənlərin idarə olunması istiqamətində tətbiq edilən müasir həllərlə də tanış olublar ki, bu da Kompüter elmləri ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi maraq doğurub. Ekskursiya çərçivəsində tələbələr qlobal kosmik sənayedə həyata keçirilən ən son layihələr, innovativ texnologiyalar, eləcə də Azərkosmosda təcrübə və gələcək karyera imkanları barədə də məlumat əldə ediblər.
Bu cür infoturlar tələbələrin nəzəri biliklərinin praktiki mühitdə möhkəmləndirilməsi, onların informasiya texnologiyaları və kosmik sənaye sahəsinə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.