Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Elm günü”nə həsr olunmuş Ustad dərs

10 mart 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasında saathesabı müəllim işləyən Tofiq Rəhim oğlu Məmtiyevin “Sığortanın iqtisadiyyatın inkişafında rolu və onun dövlət tərəfindən tənzimlənməsi” mövzusunda ustad dərsi keçirilmişdir.
Sığorta iqtisadiyyatın ən mühüm sektorlarından biridir. O, sosial sferanın ayrılmaz elementi kimi ölkənin sosial-iqisadi həyatında böyük rol oynayır. Müasir cəmiyyətin iqtisadiyyatını və bu cəmiyyətdə yaşayan hər bir insanın həyatını sığortasız təsəvvür etmək mümkün deyildir. Sığorta (sığorta institutu) ictimai-iqtisadi münasibətlər sisteminin mühüm elementi olub, dövlətin, vətəndaşların və müəssisələrin əmlak mənafelərinin effektli müdafiə olunması sisteminin yaradılmasına yönəlmişdir.
Sığorta cəmiyyətin sosial-iqtisadi həyatında mühüm funksiyaları (risk funksiyası, yığım funksiyası, qarşısıalınma funksiyası, investisiya funksiyası) yerinə yetirərək, sosial və iqtisadi inkişafın stabilləşdirilməsinin başlıca faktorlarından biri kimi çıxış edir.
Sığorta fəaliyyətinə dövlət tərəfindən nəzarət edilməsinin zəruriliyi cəmiyyətin iqtisadi və sosial həyatında sığortanın əhəmiyyəti ilə izah edilir. Sığortanın inkişaf etməsində cəmiyyətin maraqları bu sahənin fəaliyyət göstərməsinin müşahidə edilməsində dövlətin birbaşa iştirakını nəzərdə tutur. Buna görə də, hər bir ölkədə sığorta fəaliyyətinə dövlət tərəfindən nəzarət edilməsi barədə qanunvericilik mövcuddur, hansı ki, ona uyğun olaraq dövlət sığorta nəzarəti sistemi qurulur.
Ustad dərsin sonunda seminar iştirakçılarının çox saylı suallarını cavablandırdı