“TƏTBİQİ RİYAZİYYATIN MÜASİR PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI

12 may 2026-cı il tarixində Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransda çıxış edən fakültə dekanı professor Ələkbər Əliyev konfrans iştirakçılarını salamladı, Ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin, elmin inkişafına göstərdiyi dəstəyin rolundan danışdı, fakültənin uğurları haqqında məlumat verdi və konfransın işində hamıya uğurlar arzuladı. Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Fərid Nağıyev də konfrans iştirakçılarını salamladı və onlara konfransın işində uğurlar arzuladı. Daha sonra tədbirdə Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri, professor Rövşən Əliyev öz çıxışında belə konfransların tətbiqi riyaziyyat və informasiya texnologiyalarının bir çox aktual problemləri üzrə fikir və bilik mübadiləsi üçün geniş platforma yaratdığını qeyd etdi. İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, dosent Aydın Əliyev öz çıxışında informasiya texnologiyalarının inkişafı, tətbiq sahələrinin genişlənməsi barədə ətraflı məlumat verdi.
Plenar iclasda magistratura səviyyəsi üzrə təhsil alan magistrantlar Aygül Xankişiyeva, Günel Dadaşova və İsmayıl Zeynalov çıxış etdilər və verilən sualları ətraflı cavablandırdılar.
Konfrans öz işini “Tətbiqi riyaziyyat”, “Diferensial tənliklər”, “Optimal idarəetmə və riyazi kibernetika”, “Ehtimal nəzəriyyəsi və aktuar riyaziyyatı”, “İnformasiya texnologiyaları” bölmələri üzrə davam etdirdi.