“Texnologiya Transformasiyası Dövründə İT Audit” mövzusunda ustad dərs

15 may 2026-cı il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində mühüm elmi-praktiki tədbir keçirilmişdir. Tədbir Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin elmi seminarının sədri, professor Rövşən Əliyevin giriş nitqi ilə açılmışdır. Professor Rövşən Əliyev çıxışında qeyd etmişdir ki, tədbirin əsas məqsədi tələbələrdə İT audit və rəqəmsal risk idarəetməsi sahəsinə dair praktik və strateji baxışın formalaşdırılmasından ibarətdir. Daha sonra fakültədə fəaliyyət göstərən Kiber klubun rəhbəri, dosent Natiq Quliyev çıxış edərək klubun fəaliyyəti və həyata keçirdiyi təşəbbüslər haqqında məlumat vermiş, tələbələrin kibertəhlükəsizlik istiqamətində praktiki biliklərinin artırılmasının vacibliyini xüsusi olaraq diqqətə çatdırmışdır.
Tədbirin əsas qonaqları olan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının ekspertləri Xədicə Tağızadə Bürcəliyeva və Humay Hüseynova “Texnologiya Transformasiyası Dövründə İT Audit” mövzusunda məruzə etmişdilər. Seminar çərçivəsində məruzəçilər iştirakçılara İT audit anlayışı, audit prosesinin əsas mərhələləri və təşkilatlarda İT auditin rolu barədə ətraflı məlumat vermişdilər. Çıxış zamanı texnoloji transformasiyanın təşkilatların fəaliyyətinə təsiri və bu dəyişikliklərin audit yanaşmalarında yaratdığı transformasiya müzakirə edilmişdir. Bununla yanaşı, ənənəvi audit yanaşmalarının müasir rəqəmsal mühitdə necə dəyişdiyi və bir sıra yeni yanaşmalar barədə məlumat paylaşılmışdır. İştirakçılarla İT audit sahəsində mövcud karyera imkanları, tələb olunan bacarıqlar və beynəlxalq sertifikatlar barədə fikir mübadiləsi aparılmışdır. Seminar interaktiv müzakirələr, praktik nümunələr və tələbələrin suallarının cavablandırılması ilə davam etmişdir.