YUBİLEYİNİZ MÜBARƏK OLSUN!
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Məmmədova Nəzakət Qəzənfər qızının 29 may 2025-ci il tarixində 60 yaşı tamam olur.
Məmmədova Nəzakət Qəzənfər qızı 1965-ci il, mayın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.1982-ci ildə 12 saylı orta məktəbi qızıl medalla bitirib Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub.1987-ci ildə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 1987-1990-cı illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının əyani aspirantı olub. 1991-2002-ci illərdə BDU-nun Riyazi fizika tənlikləri kafedrasında assistent, 2002-2007-ci illərdə baş müəllim, 2007-ci ildən hal-hazıra kimi həmin kafedrada dosent vəzifəsində işləyir.
1991-ci ilin may ayında akademik Məcid Rəsulovun rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2009-cu ildə AAK-n qərarı ilə ona dosent elmi adı verilmişdir.
30-dan çox məqalənin və 3 dərs vəsaitinin müəllifidir. Requlyar olmayan sərhəd şərtli qarışıq məsələlər, qeyri-səlis (fuzzy) əmsallı diferensial tənliklər, qeyri-səlis sərhədləri olan spektral məsələlər və s. onun tədqiqat sahəsidir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 60 illik yubileyi münasibətilə dosent Məmmədova Nəzakət Qəzənfər qızını səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.