Yubileyinizi təbrik edirik!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Əliyev Aydın Yunus oğlunun 21 aprel 2026-cı il tarixində 60 yaşı tamam olur.
Əliyev Aydın Yunus oğlu 1966-cı il, aprelin 21-də Bakı şəhərində anadan olub. 1973-1983-cü illərdə Bakı şəhərinin 13 saylı orta məktəbində təhsil alıb. 1983-1988-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb və həmin fakültəni 1988-ci ildə fərqlənmə diploma ilə bitirib. 1986 -cı ildən BDU-nun Tələbə Elmi-Tədqiqat Konstruktor Bürosunda riyaziyyatçı kimi çalışmağa başlamış, 1988-1991-ci illərdə BDU-nun aspirantı olmuşdur. 1991-1993-cü illərdə, BDU-nun Hesablama riyaziyyatı kafedrasında assistent, 1993-1995-ci illərdə baş müəllim. 1995- 2024-cü illərdə isə həmin kafedrada dosent vəzifəsində şalışmışdır. 2024-cü ildən hal hazıra kimi Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiridir.
1992-ci ildə AMEA-nın Kibernetika İnstitutunda “Elliptik tənliklər üçün qeyri-lokal sərhəd məsələlərinin ədədi həlli haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1995-ci ildə riyaziyyat ixtisası üzrə dosent elmi adını alıb.
Diferensial tənliklər üçün qoyulan müxtəlif tip sərhəd məsələlərinin ədədi həlli onun tədqiqat sahəsidir. 100-dən çox elmi məqalənin, ali məktəblər üçün 30 tədris proqramının, 10 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir. Hesablama üsulları, Diskret riyaziyyat, Proqramlaşdırmanın əsasları, İnformasiya texnologiyaları və s. fənləri tədris edir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 60 illik yubileyi münasibətilə fizika-riyaziyyat elmləri namizədi, dosent Əliyev Aydın Yunus oğlunu səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.