Yubileyinizi təbrik edirik!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri doktoru, dosent Hacıyev Valeh Hilal oğlunun 15 may 2026-cı il tarixində 90 yaşı tamam olur.
Hacıyev Valeh Hilal oğlu 1936-cı il, mayın 15-də Bərdə şəhərində anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini bitirib, 1964-1967-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olub. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasında əvvəlcə kiçik elmi işçi, daha sonra isə baş elmi işçi vəzifələrində işləyib. 2001-ci ildən Bakı Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının dosentidir.
1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat institutunda “Hilbert fəzasında Furye çevirməsi və onun tətbiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2013-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat institutunda “Hilbert fəzasında Gauss ölçülərinin analizi” mövzusunda riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, bir çox elmi məqalənin müəllifidir.Ehtimal nəzəriyyəsi və riyazi statistika, stoxastik analiz, mürəkkəb sistemlərin stoxastik analizi, ehtimal nəzəriyyəsinin əlavə fəsilləri, ehtimal nəzəriyyəsinin limit teoremləri və s. fənləri tədris edir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 90 illik yubileyi münasibətilə fizika-riyaziyyat elmləri doktoru, dosent Hacıyev Valeh Hilal oğlunu səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.