Yubileyinizi təbrik edirik!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Beynəlxalq və Respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiyinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Quliyev Rafiq Meyxoş oğlunun 15.08.2026 tarixində 70 yaşı tamam olur.
O, 15 avqust 1956-cı ildə Cəlilabad şəhərində anadan olmuşdur. 1963–1970-ci illərdə Cəlilabad şəhər 1 saylı orta məktəbdə təhsil almış, 1973–1978-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1978–1983-cü illərdə Ural Elmi Mərkəzində (Yekaterinburq şəhəri) əvvəlcə tədqiqatçı, sonra isə məqsədli aspirant kimi fəaliyyət göstərmişdir.
1983–1988-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1988-ci ildən əmək fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirir. 1988–1996-cı illərdə BDU-da böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən İqtisadi kibernetika kafedrasında dosent kimi fəaliyyət göstərir.
1985-ci ildə “İnformasiya yaddaşlı idarəetmə məsələlərində proqram iterasiyaları metodu” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi tədqiqat sahəsini riyazi iqtisadiyyat, modelləşdirmə və iqtisadiyyatın riyazi modelləri təşkil edir. Quliyev Rafiq Meyxoş oğlu 100-dən çox elmi məqalənin və 9 kitabın müəllifidir.
R.M.Quliyev uzun illər ərzində “İqtisadiyyatın riyazi modelləri”, “İqtisadi tədqiqatlarda qeyri-səlis həllər”, “İqtisadiyyatda qərar qəbul etməyə sistemli yanaşma”, “Dinamiki sistemlər nəzəriyyəsinin iqtisadi proseslərə tətbiqi”, “Dinamiki sistemlər nəzəriyyəsi və iqtisadi inkişaf modelləri”, “Diskret riyazi modellər və onların sosial, bioloji və ekoloji məsələlərə tətbiqi” fənlərini tədris edərək yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəyərli töhfələr vermişdir.
Onun elmi-pedaqoji fəaliyyətində məktəblilərin beynəlxalq və respublika fənn olimpiadalarına hazırlanması da xüsusi yer tutur. 2001-ci ildə ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş 42-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında göstərdiyi səmərəli fəaliyyətə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.
Hörmətli Rafiq müəllim, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi sizi 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırlar.