YUBİLEYİNİZİ TƏBRİK EDİRİK!

2026-cı il 6 aprel tarixində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının uzunillik əməkdaşı İsmayılova Nailə Hacı qızının 80 yaşı tamam olur.
İsmayılova Nailə Hacı qızı 1946-cı il 6 aprel tarixində Füzuli rayonunda anadan olmuşdur. 1953-cü ildə rayonun S.M. Kirov adına rus dilli orta məktəbinin birinci sinfinə daxil olmuş, 1964-cü ildə həmin məktəbi uğurla başa vurmuşdur. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Riyaziyyat və mexanika fakültəsinə qəbul olunmuşdur.
Nailə xanım ali təhsilini qiyabi formada davam etdirmiş və 1969-cu ildən etibarən Azərbaycanın görkəmli alimi, akademik M. L. Rəsulovun rəhbərlik etdiyi Riyazi fizika tənlikləri kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1971–2008-ci illərdə həmin kafedrada baş laborant vəzifəsində çalışmış, 2008-ci ildən isə bu günə qədər kafedranın böyük laborantı kimi fəaliyyətini davam etdirir.
Uzun illər ərzində Nailə xanım öz vəzifə borcunu yüksək məsuliyyət, peşəkarlıq və böyük sədaqətlə yerinə yetirmişdir. Onun zəhməti və işinə olan məsuliyyətli münasibəti kafedra və fakültə kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır. O, həmkarları arasında səmimiyyəti, zəngin iş təcrübəsi və gənc əməkdaşlara göstərdiyi dəstək ilə xüsusi seçilir. Gənc kadrlar Nailə xanımın uzun illərin təcrübəsindən daim faydalanır və onun tövsiyələrini yüksək qiymətləndirirlər.
Nailə xanım eyni zamanda nümunəvi ailə başçısıdır. Onun bir övladı və iki nəvəsi var.
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi İsmayılova Nailə Hacı qızını 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayır.
.