Zəfər yolu

05 noyabr 2025-ci il tarixində Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin təşkilatçılığı ilə “Zəfər Günüˮnə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir həmçinin şəhidlərimizin əziz xatirəsinə və xalqımızın unudulmaz, şərəfli Zəfər yoluna ithaf edilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanmış, daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Bayram tədbirində fakültənin dekanı, şəhid valideynləri, qazilər, müəllim və tələbələr iştirak etmişlər. Fakültənin dekanı, professor Ələkbər Əliyev çıxış edərək Zəfər Gününün əhəmiyyətindən danışmış, bu möhtəşəm tarixi günlə bağlı qürur və sevinc hisslərini bölüşmüşdür. Tədbirdə 44 günlük Vətən müharibəsi, həmçinin son “Anti-Terror Əməliyyatıˮ ilə bağlı geniş məlumatlar təqdim olunmuşdur. I Qarabağ müharibəsi iştirakçısı, fakültə müəllimi mayor Hacı Məsmalıyev çıxış edərək həm I, həm də II Qarabağ müharibələri ilə bağlı xatirələrini və təəssüratlarını bölüşmüşdür.
Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin müəllimi İradə Dadaşova şəhidlərə həsr etdiyi şeirini səsləndirmiş, tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Fakültənin şəhid məzunları — Eyyubov Tural Yadulla oğlu və İsmayılov Ramil Elbrus oğlu haqqında ətraflı məlumat verilmişdir. Şəhid Eyyubov Tural Yadulla oğlunun valideynləri çıxış edərək övladlarının qəhrəmanlıq dolu həyat yolundan, vətənpərvərlik hisslərindən danışmış, Zəfər bayramı münasibətilə öz qürurlarını bölüşmüşlər.
Fakültə müəllimi Mələk Paşazadənin şəhid qardaşı Cavid Telman oğlu Paşazadəyə həsr etdiyi şeiri səsləndirilmiş, daha sonra söz şəhidin valideyninə verilmişdir. Tədbirdə, fakültənin II kurs tələbəsi Məmmədova Gülövşənin 44 günlük müharibədə şəhid olmuş qardaşı Məmmədli Əşrəf Elman oğlu haqqında məlumatlar verilmişdir ,daha sonra Məmmədova Gülövşə şəhid qardaşı Əşrəfə həsr etdiyi “İgid Əşrəf ön sırada döyüşdüˮ şeirini bölüşmüş, ardınca şəhidin anası çıxış edərək oğlu ilə bağlı xatirələrini bölüşmüşdür.
İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasının dosenti Şamo Cəbrayılov çıxış edərək öz təəssüratlarını və sevinc hisslərini paylaşmışdır. Tədbirin sonunda fakültənin məzunları və tələbələri olan qazilər — sabiq tələbəmiz Fəxri Ağarza oğlu Əliyev, IV kurs tələbəmiz Tural Faiq oğlu Şirəliyev, magistr II kurs tələbəmiz Sevindik Hüseyn oğlu Həsənov və sabiq tələbəmiz Taleh Zaur oğlu Əliyev çıxış edərək qəhrəman döyüş xatirələrindən danışmış və Zəfər bayramının sevincinə şərik olmuşlar. Sonda dosent, professor Knyaz Məmmədov tədbir iştirakçılarına müraciət edərək Zəfər Günü ilə bağlı hisslərini bölüşmüş və Zəfər Gününə həsr etdiyi özəl şeirini səsləndirmişdir.
Tədbir fakültə tələbələrinin ifasında “Ey Vətənˮ, “Sən ey uşaqlıqˮ, “Cənab Leytenantˮ, “Qarabağˮ və “Azərbaycanˮ mahnılarının səsləndirilmişdir və “Zəfər rəqsiˮnin təqdimatı ilə yekunlaşmışdır.