Fakültənin keçmiş SSRİ məkanında yerləşən bir çox elm və təhsil müəssisələri ilə əlaqələri mövcuddur. Bunlardan Moskva, Sankt-Peterburq, Novosibirsk, Rostov, Kiyev, Belarus, Tbilisi, Riqa Dövlət Universitetlərini, RF EA-nın Steklov adına Riyaziyyat İnstitutunu, RF EA-nın Sibir şöbəsinin Riyaziyyat İnstitutunu, Ukrayna EA-nın Riyaziyyat və kibernetika İnstitutlarını, Ukrayna Riyazi maşınların və sistemlərin problemləri İnstitutunu, Ukraynanın Vinnitsa Texniki Universitetini, Belarus Riyaziyyat İnstitutunu və başqalarını qeyd etmək olar. Eyni zamanda ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, İran Universitetləri ilə də əlaqələr mövcuddur.
Fakültədə müntəzəm olaraq elmi seminarlar fəaliyyət göstərir və bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, eyni zamanda digər fakültələr və elmi-tədqiqat müəssisələrinin əməkdaşları da iştirak edirlər.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2019-cu il tarixində həyata keçirilən Start-up və beynəlxalq layihələr haqqında məlumat aşağıdakı kimidir:
1. Erasmus+ proqramının KA2 fəaliyyəti çərçivəsində “Partnyor Universitetlərdə mobil applikasiyaların və oyun dizaynı üzrə magistr proqramlarının inkişafı” - MAGUS (Developing Master programmes in Mobile Applications and Game Design at partner universities) layihəsi. Layihənin məqsədi Bolonya müddəalarına uyğun olaraq magistr proqramının hazırlanması, İnformasiya texnologiyaları, proqramlaşdırma, təhsil sahəsində keyfiyyətin artırılması, Azərbaycan məzunlarının işlə təmin olunmasıdır. Layihənin sonunda müəllimlərin yeni bilik və vərdişlərə, tələbələrin professional bacarıqlara yiyələnməsi və şəxsi startaplara başlaması mümkün olacaq. Layihə İsveçin Linköping Universiteti ilə tərəfdaşları Toomar Politexkin İnstitutu (Portuqaliya), Derbi Universiteti (Birləşmiş Krallıq), Tallin Universiteti (Estoniya), Cənub Federal Univrsiteti (RF), Həştərxan Dövlət Universiteti (RF), Voronej Dövlət Universiteti (RF), BDU (Azərbaycan), Bakı Mühəndislik Universiteti (Azərbaycan), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan) tərəfindən reallaşdırılır. Bakı Dövlət Universiteti 2018-ci ildən bu layihəyə qoşulmuşdur. Layihənin rəhbəri akademik Məhəmməd Mehdiyevdir.
2. Hər ilin may ayında Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində ənənəvi olaraq L.Zadə günləri keçirilir, tələbələrin hazırladıqları Startup İnnovativ layihələrin müsabiqəsi olur və bu müsabiqədə fakültə tələbələri innovativ layihələrlə iştirak edirlər. Qalib komandalar sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Fakültədə hər həftə İKT sahəsində tələbələr üçün Startupİnnovativ layihələrin hazırlanması seminarı keçirilir. Seminara İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Fuad Qurbanov başçılıq edir.Bu seminar nəticəsində tələbələr tərəfindən hazırlanan layihələr beynəlxalq yarışmalara təqdim olunur. Tələbələrin hazırladıqları innovativ layihələr əmək bazarının nümayəndələri (SİNAM, İDRAK, RİSK) və Tətbiqi riyaziyyat və kibernetika fakültəsi müəllimlərindən təşkil olunmuş komissiya tərəfindən qiymətləndirilir və bu layihələrdən biri Kiyev şəhərində keçirilmiş Golden Byte adlı beynəlxalq yarışmasında gümüş medala layiq görülmüşdür.
3. Yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil, biznes və vətəndaş cəmiyyəti əlaqələrinin gücləndirilməsi üçün fakültə daxili dəyirmi masalarla yanaşı, elm üzrə AMEA-nın İnformasiya Texnologiyaları institutu ilə, biznes üzrə Sinam şirkəti ilə mütəmadi olaraq dəyirmi masalar keçirir. İngiltərədə fəaliyyət göstərən Halal Booking şirkətinin prezidenti, tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, Azərbaycanlı mütəxəssis Elnur Seyidov 2019-cu ilin aprel ayında Bakıya BDU-ya gəlmiş və fakültənin tələbələri ilə görüş keçirmişdir. Hazırda fakültə Halal Booking şirkəti ilə əməkdaşlıq etməkdədir.