Fakültənin tarixi

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 1972-ci ildə müstəqil Azərbaycan Respublikasının qurucusu ‒– ümummilli lider Heydər Əliyevin göstərişi və şəxsi himayəsi ilə yaradılmışdır. Mexanika-riyaziyyat fakültəsinin “Tətbiqi riyaziyyat”, “Riyazi fizika tənlikləri” və “Nəzəri mexanika” kafedraları və iki qrup tələbəsinin bazası əsasında yaradılmış Tətbiqi riyaziyyat və kibernetika (1992-ci ilin sentyabr ayınadək «Tətbiqi riyaziyyat») fakültəsi inkişaf edərək universitetin qabaqcıl fakültələrindən birinə çevrilmişdir. Yarandığı ildən başlayaraq fakültədə “Tətbiqi riyaziyyat”, 1991-ci ildən isə “İqtisadi kibernetika” ixtisasları üzrə kadrlar hazırlanmışdır. 2009-cu ildən “Kompüter elmləri” və “İnformatika müəllimliyi” ixtisasları üzrə kadrlar hazırlanır. 2021-ci ildən "İnformasiya təhlukəsizliyi" ixtisası üzrə kadrlar hazırlanmağa başladı.

Fakültədə elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Fakültənin hal-hazırda 16 ixtisas üzrə 130 magistrantı,11 doktorantı  və 8 dissertantı var. Fakültədə müntəzəm olaraq elmi seminarlar həyata keçirilir və bu seminarlarda yalnız fakültə əməkdaşları deyil, eyni zamanda digər fakültə və elmi-tədqiqat müəssisələrinin əməkdaşları da iştirak edirlər. 

Fakültə 1992-ci ildən  fəaliyyət göstərir. Fakültə Elmi Şurasının tərkibi 29 nəfərdən ibarətdir (11 nəfər professor, 14 nəfər dosent, 1 nəfər baş müəllim və 3 nəfər tələbə). Fakültənin dekanı akademik Mehdiyev Məhəmməd Fərman oğludur.

Tətbiqi riyaziyyat və kibernetika  fakültəsində bakalavriat səviyyəsində 3 ixtisas üzrə (“Kompüter elmləri”, “İnformatika müəllimliyi”, "İnformasiya təhlukəsizliyi") 1506 nəfər tələbə, magistratura səviyyəsində 18 ixtisaslaşma üzrə (Ehtimal nəzəriyyəsi və riyazi statistika, Əməliyyatlar tədqiqi və sistemli təhlil, Riyazi kibernetika, Optimallaşdırma və optimal idarəetmə, Hesablama diaqnostikası, Riyazi fizika, Diskret sistemlər, Mürəkkəb sistemlərin  ehtimal və statistik metodlarla təhlili, İnformasiya sistemləri, İdarəetmənin informasiya texnologiyaları, Sistem proqramlaşdırılması, İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı, Hesablama şəbəkələrinin proqram təminatı, Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı, Riyazi modelləşdirmə, Tətbiqi riyaziyyat, Optimal idarəetmənin riyazi-iqtisadi üsulları, İnformatika) 127 nəfər magistrant, doktorantura səviyyəsində (fəlsəfə doktoru, elmlər doktoru proqramları üzrə) 9  nəfər doktorant  olmaqla cəmi 1642 nəfər təhsil alır. Fakültənin tərkibində 9 kafedra (“Tətbiqi analizin riyazi üsulları”, “İnformasiya texnologiyaları və proqramlaşdırma”, “İqtisadi kibernetika”, “Optimallaşdırma və idarəetmə”, "İnformatika", “Tətbiqi riyaziyyat ”, “Riyazi fizika tənlikləri”, “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi”, “Riyazi kibernetika”.) fəaliyyət göstərir. Fakültədə kadr hazırlığı müvafiq ixtisaslar üzrə baza təhsil proqramları əsasında hazırlanmış, universitetin Elmi Şurası ilə razılaşdırılaraq rektor tərəfindən təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir. 2011-2015-ci  illərdə də fakültədə 40 adda fənn proqramı hazırlanmış və bəziləri Təhsil Nazirliyinin qrifi ilə çap edilmişdir.

 

Fakültədə 2015/2016-cı tədris ilində ştatda olan professor-müəllim heyəti 76 nəfər təşkil etmişdir. Onlardan 19 nəfər (25%) elmlər doktoru, professor 13 nəfər (17%) fəlsəfə doktoru, 41 nəfər (54%) dosentdir. Fakültənin professor-müəllim kollektivi, təsdiq edilmiş mövzu planı əsasında 1 problem üzrə 12  mövzuda elmi-tədqiqat işlərini davam etdirirlər. Son tədris ilinə tamamlanmış mövzuların sayı 8-dir. Fakültədə Elmin İnkişaf Fondundan 2011-2015-ci illərdə ümumi məbləği 15 min manat olan qrant layihəsi hesabına maliyyələşən elmi-tədqiqat işləri yerinə yetirilir. Fakültədə 2011-2015-ci illərdə professor-müəllim heyəti və elmi işçilər tərəfindən 15 monoqrafiya, 28 dərslik, 45 dərs vəsaiti, 50 fənn proqramı və  metodik vəsait, 383 elmi məqalə: xaricdə 108 məqalə (impakt faktorlu jurnallarda 42 məqalə) nəşr olunmuşdur. 2011-2015-ci illər ərzində doktoranturaya fəlsəfə doktoru proqramı üzrə 14 nəfər (5 nəfəri xarici vətəndaş), doktoranturaya elmlər doktoru proqramı üzrə 1 nəfər və fəlsəfə doktoru proqramı üzrə  dissertanturaya 5 nəfər qəbul olunmuşdur.

Hazırda fakültədə fəlsəfə doktoru proqramı üzrə 8 nəfər (1 nəfəri xarici vətəndaş), elmlər doktoru proqramı üzrə bir nəfər doktoranturada təhsilini davam etdirir. 2015-ci ildə fəlsəfə doktoru proqramı üzrə doktoranturanı (dissertantura ilə birlikdə) 10 nəfər (onlardan 5 nəfər dissertasiya işlərini müdafiəyə təqdim etməklə) bitirmişdir. Son beş il ərzində fakültənin müəllimləri tərəfindən 4 elmlər doktoru  və  6 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. 

Fakültənin, kafedraların və əməkdaşların istifadəsində 127 ədəd  kompüter, 14 ədəd printer və 7 ədəd proyektor vardır. Fakültədə bütün kompüterlər arasında tam lokal şəbəkə qurulmuş və onların internet şəbəkəsinə çıxışları təmin edilmişdir.

Fakültənin keçmiş SSRİ məkanında yerləşən bir çox elm və təhsil müəssisələri ilə əlaqələri mövcuddur. Bunlardan Moskva, Sankt-Peterburq, Novosibirsk, Rostov, Kiyev, Belarus, Tbilisi, Riqa Dövlət Universitetlərini, RF EA-nın Steklov adına Riyaziyyat İnstitutunu, RF EA-nın Sibir şöbəsinin Riyaziyyat İnstitutunu, Moskva Energetika İnstitutunu, Voronej Pedaqoji İnstitutunu, Ukrayna EA-nın Riyaziyyat və kibernetika İnstitutlarını, Ukrayna Riyazi maşınların və sistemlərin problemləri İnstitutunu,  Ukraynanın Vinnitsa Texniki Universitetini, Belarus Riyaziyyat İnstitutunu və başqalarını qeyd etmək olar. Eyni zamanda ABŞ, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, İspaniya, Çexiya, İsrail, Türkiyə, İran Universitetləri ilə əlaqələr mövcuddur.

Bütün bunlarla yanaşı Türkiyənin Boğaziçi Universiteti, Ankara Universiteti, Qara Dəniz Teknik Universiteti, Berkeley və Linkoln Universitetləri (ABŞ); Münhen və Fern Universitetləri (Almaniya); Lissobon Universiteti (Portuqaliya); Stokholn Kral Texnologiya İnstitutu, Shalmers və Umea Universitetləri (İsveç); Avstraliya Texnologiya Universiteti kimi universitetləri də xüsusi olaraq qeyd etmək lazımdır.

Prof. A.Hacıyev Londonda nəşr olunan “Management Science and Engineering Management” jurnalının baş redaktorunun birinci müavini və “Applied and Computational Mathematics” jurnalının redaksiya heyətinin üzvüdür. Bakı Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası Ukraynanın Vinnitsa Milli Texniki Universiteti ilə elmi – texniki əməkdaşlıq haqqında müqavilə bağlamışdır.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət