1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Mexanika-riyaziyyat fakültəsinə köçürülmüşdür. 1961-ci ildə MDU-nun aspiranturasında saxlanmış, MDU-nun ixtisaslaşmış Elmi Şurasında 1964-cü ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
M.G.Qasımov 1964-1965-ci illərdə Moskva Fizika-texniki İnstitutunun assistenti, 1965-1968-ci illərdə F.E.Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının riyaziyyat kafedrasında baş müəllim vəzifələrində işləmişdir. 1968-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Riyazi analiz kafedrasının professoru vəzifəsində çalışmışdır. 1972-ci ildən ömrünün sonunadək o, Tətbiqi riyaziyyat kafedrasının müdiri olmuşdur. 1970-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda Xüsusi törəməli diferensial tənliklər şöbəsinə rəhbərlik etmişdir.
1980-ci ildə M.G.Qasımov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
M.G.Qasımov 1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, müxtəlif illərdə Mexanika-riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin dekanı və Azərbaycan Respublikası Təhsil nazirinin birinci müavini vəzifələrində işləmişdir. O, 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
M.G.Qasımov riyaziyyatçıların üç Beynəlxalq konqresində (Moskva – 1966, Nitsa – 1970, Vankuver – 1974) iştirak etmişdir. 1977-ci ildə Varşavada S.Banax adına Beynəlxalq riyaziyyat mərkəzinin dəvəti ilə orada bir sıra silsilə elmi məruzələr etmişdir. O, 100-ə yaxın elmi işin müəllifidir və onların böyük hissəsi keçmiş SSRİ-nin nüfuzlu mərkəzi jurnallarında çap olunmuşdur.
M.G.Qasımov Moskva Riyaziyyat Cəmiyyətinin üzvü, Egey-İzmir və Səlcuq-Konya Universitetlərinin fəxri doktoru olmuşdur. O, elmdə göstərdiyi görkəmli xidmətlərə görə SSRİ Kosmonavtika Federasiyası tərəfindən akademik M.V.Keldış adına qızıl medala layiq görülmüşdür.