Qərib Novruz oğlu Mürşüdov 19 dekabr 1962-ci ildə Şəmkir rayonunda anadan olmuşdur[1]. 1980-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. Təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupuna gəlmiş, ilyarımlıq hazırlıqdan sonra Moskva şəhərinə, SSRİ EA-nın Kristalloqrafiya İnstitutuna göndərilmişdir. O, 1987-1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildə "Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu " mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Q.Mürşüdov 1993-2011-ci illlərdə Böyük Britaniyanin York Universitetinde işləmişdir. 2011-ci ildən MRC Molekulyar Biologiya tədqiqat institunda, Kembricdə qrup rəhbəri kimi çalışır.
21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilibş
Qərib Mürşüdov bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alimdir. Professor Qərib Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. Alim bu kitabı ilə bioinformatikanın modern biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib. Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların rentgen kristal strukturunun öyrənilməsində tətbiqidir. Onun proqramlarından makromolekulların strukturu ilə məşğul olan tədqiqatçılar geniş istifadə edirlər. Qərib Mürşüdov 60-dan çox elmi məqalənin, bir neçə kitabın və toplunun müəllifi və həmmüəllifidir. Ümumən məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 20000-dən çoxdur. Bu, çox böyük göstəricidir. Xaricdə çalışan azərbaycanlı alimlər arasında ən çox istinad məhz onun işlərinədir.